Görüntülər aranı qatdı, deputatdan sərt sözlər: “Bu, rüsvayçılıqdır!” – VİDEO

Görüntülər aranı qatdı, deputatdan sərt sözlər: “Bu, rüsvayçılıqdır!” – VİDEO

Dəfələrlə sosial şəbəkələrdə direktor və ya müəllimlərin rüşvətlə bağlı səsyazılarının yayılmasının şahidi olmuşuq. Təəssüf ki, rüşvət alan “pedaqoq”lar öz işlərinə heç nə olmamış kimi davam edirlər, lakin çatışmazlıqları üzə çıxaran müəllimlərə qarşı başqa tədbirlər görülür. İmişli rayonu Aranlı kənd tam orta məktəbində tualetin bərbad olması haqda video yayan müəllimə töhmət verilməsi də bu qəbildəndir.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov videonu yayan müəllimə töhmət verilməsini tənqid edib.

Deputat həmin müəllimə töhmət verilməsinin rüsvayçılıq olduğunu bildirib:

“Deməli, məsələ ictimailəşdirilir, geniş müzakirələr gedir və bundan sonra müəllimə töhmət verilir. Bu addım cəmiyyətdə birmənalı qarşılanmır. Sonra da Regional Təhsil İdarəsi məsələyə savadsız münasibət bildirir. Onların savadı olsa, deyə bilərdilər ki, “müəllim şagirdlərə belə çağırış etməklə düz etməyib”.

İnsanlar arasında müəllimə töhmət verilməsi ilə bağlı haqlı narazılıqlar var. Açıqlama verirlər ki, guya, müəllim dekabr ayının əvvəlində dərsə gəlmədiyi üçün ona töhmət verilib. Bu əsaslandırmanın özü savadsızlıqdır. Niyə bəs videodan sonra töhmət verilib? Yaxşı, müəllimin töhmət alması haqda məlumat yayan qurum niyə məlumat vermir ki, sanitar qovşaq təmir olundu, ya yox?! Əsas və diqqətdə saxlanılmalı məsələ budur! Problem həll olunmalıdır. Müəllimə qarşı bu münasibəti doğru hesab etmirəm”.

Zaira Akifqızı
Globalinfo.az