Gərginlik: Qırmızı dənizin “qanı” bura sıçrasa… – Bakı üçün kritik gəlişmə

Gərginlik: Qırmızı dənizin “qanı” bura sıçrasa... – Bakı üçün kritik gəlişmə

ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının bəyanatında bildirilib ki, Qırmızı dənizdə Norveç və Hindistan bayrağı altında üzən iki neft tankerinə hücum edilib.

Qırmızı dənizdə husilərin fəallaşması, gəmilərə hücum etməsi Suveyş kanalının bağlanmasına, oradan yüklərin keçidinin azalmasına səbəb ola bilərmi? Bu, dünya iqtisadiyyatına, neftin qiymətinə necə təsir edər?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib ki, Qırmızı dənizdə vəziyyətin bu səviyyəyə çatması, gəmilərə atəş açılması təhlükəlidir:

“Böyük Britaniyanın konteyner daşıyan gəmisinə zərbələrin endirilməsi haqqında məlumat yayıldı. Ardınca ABŞ və 9 ölkə hərbi koalisiya yaradaraq Qırmızı dənizdə ticari gəmilərin qorunması və təhlükəsiz hərəkəti naminə birgə addımlar atmaqla bağlı razılığa gəldilər.

Gərginlik: Qırmızı dənizin “qanı” bura sıçrasa... – Bakı üçün kritik gəlişmə

İlham Şaban

Avropa Birliyi də elan etdi ki, bu əməliyyatlara dəstək veriləcək, çünki dünya neftinin Şərq-Qərb ticarətinin 10%-i Qırmızı dənizdən keçir. Dünya ticarətində isə bu, 40%-dən yuxarıdır. Belə strateji marşrut üzərindəki təhlükədən sonra bir çox iri şirkətlər risk dərəcələrinin artımı hesabına buradan istifadə etməyəcəklərini açıqladılar: məsələn, BP, “Equinor” Afrikanı dolanıb keçməklə Avropaya yük çatdıracaqlarını bildirdi. Doğrudur, 8-10 gün zaman itirsələr də, bu, daha təhlükəsiz variantdır”.

İ.Şaban vurğulayıb ki, əməliyyatların necə bitəcəyini proqnozlaşdırmaq çətindir:

“Suveyş kanalının bağlanması neft bazarlarına təsir edəcək. Neftin qiyməti 75-76 dollar aralığında olmasına baxmayaraq, husilərin əməliyyatlarından sonra 80 dolları keçdi. Doğrudur, hazırda 79 dollar civarındadır, lakin Qırmızı dəniz ətrafındakı hadisələr artıma səbəb ola bilər. Neftin qiymətinin artımı Azərbaycanı da maraqlandıran məsələdir”.

Safura Bənnayeva
Globalinfo.az