General Ermənistanı hədələdi: Kostanyan “sərhəd” dedi – Nə baş verəcək?

Türkiyə Böyük Millət Məclisinin Müdafiə komissiyasının sədri general Hulusi Akar rəsmi İrəvana sərt xəbərdarlıq edib. Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan Akarın çıxışına münasibət bildirərkən deyib ki, İrəvan Türkiyə ilə münasibətlərin qaydaya salınmasında maraqlıdır.

“Türkiyə və Ermənistan arasında münasibətlərin nizamlanması prosesi çərçivəsində əldə edilmiş razılaşmalar həyata keçirilməlidir. Üçüncü ölkə vətəndaşları, diplomatik pasporta malik şəxslər üçün sərhədlər açılmalıdır. Bu İrəvanın Ankara və Bakı ilə əlaqələrinin tənzimlənməsinə müsbət təsir edəcək”, – V.Kostanyan bildirib.

Maraqlıdır, indiki məqamda Türkiyə-Ermənistan sərhədi açıla bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov qeyd edib ki, Türkiyə və Ermənistan sərhədləri yalnız Azərbaycanla razılaşdırıldıqdan sonra açılacaq:

“Bu, dəfələrlə bəyan edilib. Zəngəzur dəhlizi ilə bağlı nəticələr və sülh sazişinin imzalanması məsələsində irəliləyişlər əldə olunarsa, Azərbaycan sərhədlərin açılmasına razılıq verə bilər. Nə qədər ki rəsmi Bakı proseslə bağlı razılıq verməyib, Türkiyə də sərhədlərin açılmasına müsbət yanaşmayacaq.

Abutalıb Səmədov

Ermənistan bu qəbildən bəyanatlar verməklə güman edir ki, Ankaraya qarşı dünya birliyinin təzyiqlərini təşkil edə bilər. Yəni heç bir problemin olmadığı halda Türkiyənin sərhədləri açmadığını göstərməyə çalışır, lakin bu yanaşmalar əbəs və absurddur. İrəvan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, bunu əvvəlcə Azərbaycanla etməlidir. Əks halda “dalan ölkə” olaraq qalacaq”.

Safura Bənnayeva
Globalinfo.az