Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Daşkəsəndə yazıçı Etibar Həsənzadə ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, Etibar Həsənzadə “Qarabağ Azərbaycandır!” adlı layihə çərçivəsində hazırladığı “Vətən uğrunda” kitabını Səməd Vəkilova hədiyyə edib. E.Həsənzadənin adıçəkilən kitabı 44 günlük Vətən müharibəsində iştirak edən Daşkəsən rayonundan olan şəhidlərə, qazilərə və döyüşçülərə həsr edilib. Eyni zamanda kitabda şəhid generalımız Polad Həşimiovun həyat hekayəsi, əsgərlərinin onun haqqında xatirələri yer alıb.
Qeyd edək ki, ana tərəfdən Qarabağ xanı İbrahim xanın şəcərəsindən olan yazıçı Etibar Oktay oğlu Həsənzadə 7 iyun 1992-ci il tarixində Azərbaycanın Daşkəsən şəhərində anadan olmuşdur. O, 2010-cu ildə Anar Mursəlov adına Daşkəsən şəhər 2 saylı orta məktəbi bitirib. O, Azərbaycan Yazıçılar Birliyinin, İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvü, Avrasiya İncəsənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının (AİMƏEF) və Türkman Ədəbiyyatçı və Yazıçılar Birliyinin üzvüdür. Həsənzadə 2014-cü ilin sentyabr ayında Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin dinləyicisi olmuş, 2016-cı ildə həmin fakültədən məzun olub.
Etibar Həsənzadə yaradıcılıq fəaliyyətinə 2014-cü ilin yanvar ayında “Könlümlə söhbət” şeirlər toplusunun nəşr edilməsiylə başlayıb. Bundan sonra “Duyğular dinsin” (2015), “Gecikmiş etiraf” (2015), “Bir həyat romanı” (2016), “Sevgi bəstəsi” (2017), “Nurla gəldi, Nurla Yaşadı, Nurla getdi” (2018) kitabları nəşr edilib. Həsənzadənin şeirləri və hekayələri “Avrasiya Şairleri Antolojisi”ndə, “Qarabağnamə” (I, II, III, IV cilddə), “Unutulmayan Hocalım”, “Sevirəm, sevmişəm, sevəcəyəm də” (I, II, III cilddə), “Ziya”, “Bölgələrdən səslər”, “Anasız, atasız dünyam”, “Xocalı harayı və Əsirlikdən gələn səs”, “Zirvə”, “Şairlər seçkisi” (IX, X və XI cildlər), “Bir yandan boşalıb dolan dünyadır”, “Karabağdan, Kerkükden Çanakkaleye şiir seçkisi”, “Türk Dünyası şiir seçkisi III cild”, “Xarı bülbül”, “Sirli, sözlü Daşkəsən”, “Aprel döyüşləri”, “Dünya yalan Dünyadır”, “Türk illerinde çocukluk günleri” antologiyalarında və “Hər könüldən bir soraq” almanaxında dərc olunub. Onun şeirlərinə mahnılar bəstələnmiş, eşitmə və danışma qüsurlu insanlar üçün şeirləri və onların mahnıları üçün Azərbaycan işarət dilində 3 klip çəkilib.
“İstedad Sorağında”(Azərbaycan Respublikası Prezidenti yanında QHTDDŞ-nın təşkilatçılığı) müsabiqədə birincilik qazanıb (2015). 2019-cu ildə Prezident təqaüdçüsü olan Etibar Həsənzadə bir çox yerli və beynəlxalq təşkilatlar tərəfindən müxtəlif mükafatlara layiq görülüb. E.Həsənzadə həmçinin Türkiyədə fəaliyyət göstərən Beynəlxalq İdeal Sülhün Təbliği Vəqfinin Beynəlxalq Sülh Səfiri, Türkiyə Turizm Tanıtma Forumunun (TUTAP) Mədəniyyət Səfiri seçilib.














