Fransa ordusunda skandal: ən məxfi məlumatlar sızdırıldı

Fransa ordusunda skandal: ən məxfi məlumatlar sızdırıldı

Fransada ölkənin ən çox qorunan, 16 nüvə başlıqlı raketin saxlanıldığı hərbi bazanın məxfi məlumatları sızdırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.

Hərbi Dəniz Qüvvələrinə məxsus bazanın məlumatlarının sızdırılmasına “Strava” adlı sağlamlıq tətbiqinin səbəb olduğu bildirilir. Qəzet yazır ki, nüvə başlıqlı raketlərlə təchiz edilmiş dörd sualtı qayığın olduğu və Fransa donanmasının ən yaxşı qorunan hərbi bölgəsi Long adası ilə bağlı məlumatlar ödənişsiz sağlamlıq tətbiqi vasitəsilə yayılıb.

Məlumata görə, telefonlarına tətbiqi yükləyən donanma heyəti üçüncü nəsil ballistik raketlə təchiz olunmuş sualtı qayıqların nəzarət məntəqələri, dəyişiklik vaxtları və adanın marşrutu kimi məxfi məlumatların istəmədən sızmasına şərait yaradıblar.

Tətbiqdə sualtı qayıqlarla bağlı məlumatla yanaşı, ABŞ və Rusiya prezidentlərinin mühafizəçilərinin hərəkət marşrutlarını da görmək olur.

Quru, dəniz və havadan qorunan adada 2000-dən çox işçi çalışır. Adada hər biri Xirosimaya atılan atom bombasından min dəfə güclü olan 16 nüvə başlıqlı raket mühafizə edilir.

Ayşən Mustafa
Globalinfo.az