Fransanın Yeni Kaledoniyadakı hüquq pozuntuları… – BTQ-nin icraçı direktoru

“Müstəmləkə şəraitində yaşayan xalqlara qarşı yol verdiyi qanun pozuntuları Fransanın BMT qətnamələrini yerinə yetirmək niyyətində olmadığını göstərir.

Globalinfo.az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Afrikanın müxtəlif ölkələrindən bir qrup jurnalist, tanınmış bloqerlər və vətəndaş cəmiyyəti fəalları, eləcə də Yeni Kaledoniyalı jurnalistlərin iştirakı ilə hibrid formada keçirilən “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələri və mətbuat konfransında deyib.

O, kanak xalqına dəstəyin verilməsinin beynəlxalq hüquqda təsbit olunan dəyişilməz bir prinsip olduğunu bildirib: “Bizim həyata keçirdiyimiz hərtərəfli və uğurlu fəaliyyət dünya ictimaiyyətini müstəmləkə altında olan bölgələrdəki vəziyyətlə bağlı məlumatlandırmağa imkan verir. Bu fəaliyyət çox zaman BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalar çərçivəsində həyata keçirilir. Rəhbəri olduğum Bakı Təşəbbüs Qrupu müstəmləkə altında yaşayan xalqların üzləşdiyi problemlərin ictimaiyyətə çatdırılması üçün bir sıra beynəlxalq tədbirlər həyata keçirib. Fransanın hazırda da Yeni Kaledoniyada yol verdiyi hüquq pozuntuları hökumətin BMT Baş Assambleyasının qətnamələrini yerinə yetirmək niyyətində olmadığını göstərir. Kanak xalqına dəstəyin verilməsi beynəlxalq hüquqda təsbit olunan dəyişilməz bir prinsipdir. Hesab edirik ki, hazırda kanakların müstəqillik uğrunda apardığı mübarizə tamamilə qanunidir”.