Fransanın türk dünyası ilə bağlı sensasion planı: Tramp 4 il əvvəl Makrona nə demişdi?

Fransanın türk dünyası ilə bağlı sensasion planı: Tramp 4 il əvvəl Makrona nə demişdi?

Fransa Prezidenti Emmanuel Makronun Qazaxıstan və Özbəkistana ardıcıl səfəri beynəlxalq siyasi arenada ciddi müzakirələrə səbəb olub.

Makronun hər iki səfər çərçivəsində prezidentlərlə səmimi ünsiyyətdə olması və strateji tərəfdaşlıqla bağlı müzakirələr aparması diqqət çəkib. Bu səfərlərin məhz Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu Zirvə toplantısından bir gün öncə gerçəkləşməsi gündəmin əsas mövzusuna çevrilib.

Bəs Fransa bu iki türk ölkəsindən nə istəyir? Səfərlərin əsas məqsədi nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsamettin İnaç bildirib ki, burada TDT-nin fəaliyyətinə nəzər salınmalıdır:

“Noyabrın 2-də Astanada Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə toplantısı keçirilir. Bu təşkilatın qısa zamanda Avropa İttifaqına bənzəyən bir inteqrasiya prosesini uğurla həyata keçirməsi, bir çox sahədə böyük və gözlənilməz irəliləyişlər əldə etməsi xüsusi ilə Avropa və ABŞ-ı ciddi şəkildə narahat etdi.

Sonuncu dəfə 44 günlük Vətən müharibəsi və bir gün çəkən antiterror əməliyyatlarında Azərbaycan və Türkiyə arasındakı əlaqə, daha sonra Özbəkistanın da çox güclü şəkildə buna dəstək verməsi sözügedən iki gücün “xəbərdarlıq” vəziyyətinə keçməsinə səbəb oldu. Bölgədəki Türk dövlətləri arasında formalaşan güclü əlaqələrin Cənubi Qafqaz başda olmaqla regionun və qlobal aləmin geosiyasətinə təsiri artıq görünməyə başlayıb”.

Politoloq Fransa və digər güclərin Türk dünyasında güc qazanmaq istədiyini deyib:

“HƏMAS və İsrail arasında gedən müharibə, ABŞ-ın döyüş gəmiləri ilə Aralıq dənizinə gəlməsi hazırkı reallıqda çox vacib hadisədir. Bütün bunlar Orta Şərqdə kartların yenidən paylanacağı, Aralıq dənizində rolların dəyişəcəyi, hətta ABŞ gəmilərinin Montrö konvensiyasını pozub Qara dənizə keçərək Ukraynaya dəstək olmağa çalışacağı ehtimallarını gücləndirir. Belə bir zamanda ABŞ və Avropa İttifaqı, Transatlantik ittifaqı adlandırdığımız ingilis-amerikan birliyi Cənubi Qafqazda və Türk dünyasında mövcudluğunu gücləndirmək niyyətindədir. Bütün bunlar ABŞ və Rusiya arasındakı mübarizənin qalobal səviyyədə rəqabəti kimi təqdim edilir.

Emmanuel Makron Angela Merkeldən sonra Aİ-nin rəhbəri kimi hərəkət etməyə başlayıb. Fransa qlobal siyasətə liderlik etməyə çalışır”.

Fransanın türk dünyası ilə bağlı sensasion planı: Tramp 4 il əvvəl Makrona nə demişdi?

Hüsamettin İnaç

H.İnaç Makdorn və Donald Tramp arasındakı dialoqu xatırladaraq, Parisin Vaşinqtona münasibətini diqqətə çatdırıb:

“Əslində Avropa İttifaqı təhlükəsizlik və xarici siyasət məsələlərində ciddi problemlər yaşayır. Çünki ittifaq bu istiqamətlərdə ortaq qərarlara sahib deyil. Lakin Paris fövqəladə vəziyyətlərdə bunu formalaşdırmaq istəyir. Xüsusilə Ukraynadakı müharibədən sonra ittifaq ölkələrinin Rusiyadan ucuz enerji ala bilməməsi, Çinlə ticarət əlaqələrinin kəsilməsi onun tamamilə ABŞ hegemoniyasına tabe olmasına şərait yaratdı. Makron isə ittifaqın fəaliyyətini Vaşinqtondan əlaqəsiz bir şəkildə qurmağa çalışır. Hələ o zamankı prezident Donal Tramp Versal müqaviləsinin 100-cü ilində Parisə səfər etmişdi. Bu səfər çərçivəsində Makrona – “NATO-ya olan borcunuzu qaytarın, yoxsa ABŞ bu təşkilatdan çıxacaq”, – demişdi. Fransa Prezidenti isə cavabında NATO-nun onları maraqlandırmadığını, öz təhlükəsizlik mühitlərini formalaşdırmağa çalışdıqlarını, Avropa ordusu yaradacaqlarını bildirmişdi”.

Ekspert Parisin Ankaraya qarşı rəqabətdə Türk dünyasını qazanmaq istədiyini, Qazaxıstan və Özbəkistanla bağlı fərqli planının olduğunu söyləyib:

“Fransa Türkiyə ilə apardığı rəqabətdə Afrika başda olmaqla böyük itkilər verir. Fransanın Nigerdən Nigeriyaya, Sudandan Somaliyə kimi ərazilərdən və digər Şimali Afrika ölkələridən sıxışdırıldığını, yerini Türkiyə, Çin və Rusiyanın aldığını görürük. Makron Mərkəzi Asiya ölkələrində əsas uran olmaqla, müxtəlif enerji ehtiyatları almaq istəyir. Lakin daha çox Türkiyənin Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri ilə əlaqəsini kəsməyə çalışır. Qazaxıstan və Özbəkistana səfərinin əsas məqsədi budur.

Xatırlamaq lazımdır ki, ABŞ Prezidenti Cozef Bayden də BMT-nin toplantısından sonra TDT ölkələrinin liderləri görüş keçirmişdi. Bu füclər türk ölkələri arasında güclənən əlaqələri pozmaq, münasibətləri gərginləşdirmək, regionda onları zəiflədərək öz mövcudluqlarını gücləndirmək istəyirlər. Ukraynada məğlub olan, İsrailə görə mənfi imici formalaşan Qərb Mərkəzi Asiyada yeni cəbhə açaraq Rusiyanı sıxışdırmağa çalışır”.

Ayşən Mustafa
Globalinfo.az