Xırdalan şəhərində 16 mərtəbəli binada betonun ovulması ilə bağlı yayılan görüntülər ölkədə tikililərin təhlükəsizliyi məsələsini gündəmə gətirib. Artıq əksəriyyət evlərin keyfiyyətinə tam güvənmədiyi bildirir. Ekspertlər qeyd edirlər ki, ev alarkən sakinlər Fövqəladə Hallar Nazirliyinin (FHN) ekspertiza rəylərinə, sənədləşmənin düzgünlüyünə diqqət etməlidirlər.
Əhali binaların, evlərin keyfiyyətinə necə güvənə bilər?
Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, 2007-ci ildən etibarən FHN-nin müvafiq qurumu tikilən binaların dayanıqlığını yoxlayaraq ekspertiza rəyi verir:
“Qüsur aşkarlandıqda bina istismara qəbul edilmir. Hazırda ölkədə təxminən 70 bina müxtəlif konstruksiya və sənədləşmə qüsurlarına görə rəy almayıb, bəzilərinin isə möhkəmləndirilməsinə ehtiyac var. Son günlər sosial şəbəkələrdə bir binada betonun ovulması ilə bağlı görüntülər yayılsa da, FHN həmin obyektin konstruksiya dayanıqlığında problem olmadığını açıqlayıb. Çox güman ki, problem binanın yalnız kiçik bir hissəsində yaranıb. Həmçinin həmin mərtəbədə istifadə olunan betonun bəzi hissələrində dəniz qumundan istifadə olunması zamanla onun keyfiyyətinə təsir göstərmiş ola bilər. Bu cür qüsur alt və orta mərtəbələrdə aşkarlansaydı, bina istismara qəbul edilməzdi. 2012-ci ildən sonra isə ölkədə tikintiyə nəzarət daha da gücləndirilib”.
Elnur Azadov
Ekspert bildirib ki, ev alarkən bir neçə məqama diqqət etmək lazımdır:
“Bunun üçün FHN-nin və ya müvafiq qurumların binanın dayanıqlığı üzrə verdiyi ekspertiza rəyinə baxmaq gərəkdir. Eyni zamanda binanın tikinti materiallarının keyfiyyəti, betonun duruluğu və mərtəbələrarası strukturun möhkəmliyi yoxlanılmalıdır. Bundan başqa tikintinin icazələrə, layihəyə və sənədləşməyə uyğun olub-olmaması, lazım gələrsə, müstəqil inşaat mühəndisi və ya ekspertin əlavə yoxlama aparması təmin edilməlidir”.
Ləman İmran
Globalinfo.az














