Ermənistan hakimiyyətində qarşıdurma: “sorosçu”lar iki yerə bölündülər – Nə baş verir?

Ermənistanda hakimiyyətdə təmsil olunan və “sorosçu” adlanan qanad iki yerə bölünüb.

Globalinfo.az xəbər verir ki, bu məlumat “Hraparak” nəşrində dərc edilib.

Məlumata görə, “sorosçu”ların iki yerə bölünməsi məsələsi xüsusilə, İsveçrədə keçirilən sülh sammitindən sonra ortaya çıxıb. Bölünməyə əsas səbəblərdən biri kimi bu qanadın təmsilçisi sayılan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sammitdə çıxışdan imtina etməsi göstərilir.

Bölünmənin başqa səbəbi isə Avropa Birliyinə üzvlüklə bağlı sərgilənən mövqe olub. Nəşr, Arman Babacanyan və Ovsep Xurşudyan kimi sorosçuların təcili referendum keçirərək AB-yə üzvlük məsələsini həll etmək istədiklərini yazıb. Lakin sorosçu qanadın başqa təmsilçisi Sona Kazaryan buna qarşı çıxıb. Parlamentdə deputat olan Kazaryan çıxışı zamanı digər qərbyönümlülərə İran faktorunu xatırladıb:

“Hazırda Ermənistanın problemlərinin həlli Avropa Birliyində yox, buradadır. Ermənistan mütləq şəkildə riskləri, o cümlədən İran faktorunu nəzərə almalıdır”, – deyə Kazaryan vurğulayıb.

Qeyd edək ki, iyunun 21-də Ermənistan parlamentində Avropa Birliyinə üzvlüklə bağlı dinləmələrə start veriləcək. Dinləmələri Paşinyana yaxın təşkilatlar həyata keçirirlər. Moskva isə bu dinləmələrə qarşı çıxır.

Əliyar Xəlil
Globalinfo.az