Ermənistanda hakimiyyəti yalnız bu iki mərkəz dəyişə bilər – Badalyan

 

“Bu gün Ermənistanda küçə təzyiqi ilə hakimiyyətə gəlmək mümkün deyil”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi strateq Armen Badalyan deyib.

O bildirib ki, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkat uğursuzluğa düçar olub. Ona görə də Paşinyan cəmiyyətlə ünsiyyətdə problem olmadığını göstərir.

“Hərəkat yanlış istiqamətdə addım atdı və küçə təzyiqi ilə hakimiyyətə gəlməyə çalışdı. Bu, artıq Ermənistanda mümkün deyil. Hələ mayın 9-da keçirilən mitinqdə hərəkat rəhbəri bildirirdi ki, 7-10 gün ərzində baş nazir istefaya gedəcək. Amma hökumət başçısı hələ də istefa verməyib. Hərəkat öz məqsədinə çatmayıbsa, deməli uğursuzluğa düçar olub”, – Badalyan bildirib.

Onun sözlərinə görə, bu gün Ermənistanda hakimiyyəti dəyişmək üçün iki mərkəzin fəaliyyəti lazımdır.

“Biri ABŞ, digəri isə İrandır. İyunun 12-də ABŞ səfirinin polis tərəfindən döyülən etirazçıları və kilsəni günahkar hesab etməsi rəsmi Vaşinqtonun açıq şəkildə hazırkı hakimiyyətin arxasında dayandığını göstərir. Çünki bu hakimiyyət ABŞ-ın Cənubi Qafqaz siyasətini həyata keçirir. İrana gəlincə, Tehran Ermənistandakı daxili siyasi prosesləri çox diqqətlə izləyir və qapalı rejimdə işləyir. Amma İranın indiki hakimiyyəti yox, Ermənistanı obyektdən subyektə çevirəcək milli hökumətin olmasını istəməsi səfirin bəyanatlarından aydın görünür”, – deyə Badalyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az