Ermənistanda gərginlik yaşanır. Əksər ekspertlər, sabiq nazirlər Paşinyanı sərt tənqid edirlər. Xüsusilə onun Münhendəki addımları, bəyanatları amansız şəkildə tənqidə məruz qalır.
Ermənistan nədən narahatdır? Paşinyana qarşı niyə bu qədər miqyaslı cəbhə alıblar? Bu, kənar gücün hesabına baş verir, yoxsa erməni cəmiyyəti Paşinyanın Azərbaycan qarşısında böyük güzəştə hazırlaşdığını fərq edib?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Ermənistanda Paşinyanın ənənəvi tənqidçiləri Münhen səfəri sonrası onu əsasən səsləndirdiyi fikirlərə görə tənqid edir:
“Vəziyyət elə həddə çatıb ki, onun geyimi belə sərt şəkildə tənqid edilir. Bununla belə Paşinyanın səsləndiriyi fikirlər bir çox tənqidçi və ekspert tərəfindən birmənalı qarşılanmır.
Belə ki, Paşinyana qarşı cəbhə alan qüvvələr əsasən keçmiş hakimiyyət nümayəndələri və revanşist qüvvələrdir. Onların da əksəriyyəti bu və ya başqa formada xaricə bağlıdır.
Ümumiyyətlə Ermənistan cəmiyyətinin özündə revanşist duyğular güclüdür. Onlar hələ də keçmiş abu-havadadır. Hətta belə düşünənlər də var ki, ərazi iddiaları davam etməli və yenidən işğala cəhd olunmalıdır.
Bu gün Paşinyanı tənqid edənlər həm də sülh müqaviləsi ilə bağlı onu ittiham edir. Belə bir yanaşma var ki, Paşinyan özü torpaqları müharibə ilə Azərbaycana verib.
Göründüyü kimi, Ermənistan cəmiyyəti çox ciddi bir ideoloji böhran içərisindədir. Erməni cəmiyyəti 10 ildən artıq faşist zehniyyətlə zəhərlənib. Lakin Paşinyan tam fərqli fikirdədir və o, reallığı anlayır. Yəni Paşinyan deyil, başqa bir hakimiyyət olsa idi belə dəyişən heç nə olmayacaqdı”.
Turan Rzayev
Globalinfo.az













