2025-ci il Moskva və İrəvan üçün münasibətlərdə sıçrayışın yaşanacağı baxımından dönüş ili olmayacaq.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə rusiyalı politoloq İqor Semenovski çıxış edib. Onun sözlərinə görə, Ermənistanın ABŞ, NATO və AB ilə əməkdaşlığı onun müdafiəsi, iqtisadiyyatı və humanitar sferası üçün real dayaq rolunu oynamayacaq:
“Qafqaz regionunda situasiya Ermənistanın qərbyönlü rejiminin istədiyi kimi sərfəli deyil. Avropa Birliyi Gürcüstan siyasətində uğursuzluğa düçar oldu, Azərbaycanla Türkiyəyə isə demokratiya adı ilə təzyiq mümkün deyil. İran isə Rusiya kimi antiqərb, antiqlobalist siyasətini davam etdirir. Paşinyan üçün isə parlament seçkisi yaxınlaşır və o, nəsə əldə etdiyini nümayiş etdirməlidir”.
O, Ermənistanın Qərbin himayəsi altında tezliklə özünün yekun xarici siyasət kursunu elan edəcəyini bildirib:
“Eyni anda iki stulda oturmaq çətinləşir. Son illərdəki dost olmayan hərəkətləri nəzərə alsaq, Ermənistanın xarici siyasətindəki kor-koranə addımlar onun iqtisadi trekində yaxşı vəziyyət yaratmayacaq. Qərb ölkələrinin siyasəti “parçala hökm et” prinsipi ilə gedir. Zaman hər şeyi öz yerinə qoyacaq, amma bundan Ermənistan xalqı yox, hazırkı hakimiyyətin avroatlantik kuratorları qazanacaqlar”.
Əliyar Xəlil
Globalinfo.az














