Prezident İlham Əliyevin iyulun 21-də Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı erməniləri qorxuya salıb. Separatçıların “sabiq deputatı” Vahram Atanesyan Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışına diqqət çəkib. Onun sözlərinə görə, prezidentin çıxışından açıq şəkildə anlaşılır ki, Laçın yolundakı sərhəd-buraxılış məntəqəsinin quraşdırılması beynəlxalq aktorlarla razılaşdırılıb. O, bu gedişlə Azərbaycanla Naxçıvan arasındakı koridorun da açılacağını deyib.
Maraqlıdır, ermənilər Laçın sərhəd-buraxılış məntəqəsinin özbaşına, ya da yalnız Azərbaycanın öz iradəsi ilə açıldığını düşünürdülər?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, münaqişədən sonrakı dövrün bir periodunda Laçın yolu ilə Zəngəzur dəhlizi arasında bərabərlik qoyulan bəyanatların şahidi olurduq, amma zaman göstərdi ki, Azərbaycanın bu addımı situativ gedişdir və perspektivdə ümumilikdə Laçın yolunda dəhliz məntiqinin aradan qaldırılmasına hesablanıb:
“Artıq “Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də yoxdur” tezisi işləmir, onun əvəzinə, Azərbaycan “Laçın dəhlizi deyilən şey yoxdur, ora sadəcə yoldur, amma Zəngəzur koridoru da mütləq açılacaq” şəklində diktəedici bəyanatları gündəmdə saxlayır.
Laçın yolunun Ermənistanla sıfır nöqtəsində sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasından sonra erməni hərbi-siyasi elitasının olan-qalan ümidləri də puça çıxdı və artıq onlar Azərbaycanın Zəngəzur dəhlizi istiqamətində hansı şəkildə irəlilədiyini həyəcanla izləyirlər.
Aqşin Kərimov
Laçındakı nəzarət-buraxılış məntəqəsi quraşdırılarkən Azərbaycanın kimdənsə razılıq aldığını düşünmürəm, sadəcə olaraq Bakı bu addımı atdıqdan sonra aktorlara nəticələri qəbul etdirmək üçün prosesi başlatdı.
Ara-sıra beynəlxalq aləmdə vay-şüvən qopsa da, artıq Laçındakı post Azərbaycan-Ermənistan arasındakı münasibətlərin tənzimlənməsində həlledici bir element kimi qəbul edilir, yəni artıq bu məsələ bitmiş hesab olunur.
Azərbaycanın bundan sonra Zəngəzur dəhlizinin açılması ilə bağlı həmlələri diqqət mərkəzində olacaq, lakin buna qarşılıq olaraq İran regionda təhdid meyllərini yeni fazaya keçirə bilər.
Dəhlizin kimin kurasiyasında olması ilə bağlı da rəqabət şiddətlənəcək – “Rusiya, yoxsa Qərb?” sualına cavablar axtararkən alternativ güc olan Çinin ambisiyaları da nəzərə çarpacaq”.
Turan Rzayev
Globalinfo.az














