Ermənilər sülhməramlıları Qarabağdan çıxarır: ardınca isə…

“Ermənistanın “Hraparak” nəşrində yayımlanan məqaləyə görə, Xankəndidə oturaq “aksiya” guya Rusiyaya qarşı çevrilə bilər. Yəni separatçılar etirazlarının növbəti mərhələsində rusiyalı sülhməramlıların Qarabağdan çıxmasını tələb edəcəklər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, separatçılar ondan narazıdırlar ki, Rusiya kontingenti Azərbaycana qarşı heç bir addım atmayıb, Laçın “dəhlizini” açmayıb:

“Bunun davamı kimi separatçıların lideri Araik Arutyunyan Ermənistan Baş naziri Nikol Paşinyanla birgə Qarabağda “beynəlxalq qüvvələrin” yerləşdirilməsini təmin etməyə çalışacaqlar. Bu, xülyadır.

Birincisi, heç bir dövlət və beynəlxalq təşkilat Qarabağa hərbçilərini göndərməz. Xarici mərkəzlərin bir qismi sözdə Ermənistana və erməni separatimizinə dəstək versələr də, Azərbaycanla qarşıdurmaya gedərək vətəndaşlarını ölüm təhlükəsi olan bölgəyə göndərməyəcəklər. Bunu separatçılar da anlayırlar.

İkincisi, separatçılar Rusiyadan narazı qalsalar da (halbuki, rusiyalı hərbçilər Kremlin təlimatı ilə erməni separatizminə dəstəklərini artırıblar), bu ölkənin hərbi kontingentinin bölgəni tərk etməsini tələb etməyəcəklər. Çünki narazılıqlarına rəğmən, separatçıların Rusiyadan ikiəlli yapışmaqdan başqa seçimlər yoxdur”.

Politoloq deyib ki, Ermənistanla məsələni sülhməramlılar olmadan bitirməliyik:

“Əgər “Hraparak” nəşrinin xəbərində kiçik də olsa həqiqət payı varsa, yəni separatçılar növbəti mərhələdə Rusiya hərbi kontingentinin bölgəni tərk etməsini reallaşdırmağa çalışacaqlarsa, bu, işimizi asanlaşdıracaq. Bizim də məqsədimiz Rusiya hərbi kontingenti olmadan separatçılarla məsələni birdəfəlik həll etməkdir”.

Zaira Akifqızı
Globalinfo.az