
“İkinci Qarabağ savaşında İran rejimi sakitləşmək bilmirdi. Ermənilərə yardım edirdi. Güney azərbaycanlılar əliyalın Ermənistana göndərilən silah-sursat daşıyan maşınların qabağını kəsirdi və buna etiraz edirdilər”.
Globalinfo.az xəbər verir ki, bu sözləri jurnalist, güneyli araşdırmaçı-yazar Elyaz Yekenlinin Axar.az-a geniş müsahibəsində deyib.
“Müharibə zamanı onlar böyük narahatlıq içində idi. Arazın o tayında dayanıb, Şimala dəstək olurdular. Nənələrimiz göz yaşları içində Azərbaycan əsgərinə xeyir-dua verirdi. Çünki qan bağları var. Ermənilərin türklərə bu öfkəsi, kini yüz illərə dayanır. 1886-cı illərdən başlayıb onların davası. Qərbi Azərbaycanda və Qarabağda ermənilər hələ o vaxtı əkinçiləri və çobanları öldürürdü. Niyə məhz çobanları? Çünki çobanlar o dağı-daşı yaxşı tanıyırdı. Bunlar ora ordu yeridə bilməzdi. Gəlib o yerləri öyrənməli idilər. 1990-cı ilə kimi 500-ə yaxın çoban öldürülüb. Bakının bundan xəbəri olmur. Mən bunları işıqlandırmışam. Mən ANT TV-nin müxbiriyəm. Güneydən olan insanlarımız mənə yazır ki, çox sağ ol ki, şəhidlərimiz haqqında çəkilişlər edirsən. Anaları ilə görüşürsən. Mən o ailələrə baş çəkdiyimdə öz adımdan deyil, Güney Azərbaycan adından gedirəm”, -. E.Yekenli bildirib.













