Laçın yolundakı sərhəd-buraxılış məntəqəsində Britaniya istehsalı olan mobil rentgen aparatı quraşdırılıb. Aparat sərhəddən keçən konteynerləri skan edir, əyani axtarış aparmadan yüklərin nədən ibarət olduğunu görməyə imkan verir. Bununla da əraziyə qanunsuz şəkildə silah, sursat daşınması ilə bağlı narahatlıqlara son qoyulacağı bildirilir.
Bu yoxlama effektiv olacaqmı? Əlavə nə kimi təhlükəsizlik tədbirləri görülə bilər?
Mövzunu Globalinfo.az-a şərh edən təhlükəsizlik üzrə ekspert Rəşad Rza fərqli mexanizmlərin də tətbiq edilə biləcəyini söyləyib:
“Laçında sərhəd-buraxılış məntəqəsində quraşdırılan mobil rentgen aparatı dünya standartlarına uyğun olan son model cihazdır. Əlbəttə ki, müəyyən qədər effekti olacaq. Təbii olaraq daha çox təhlükəsizlik cihazları quraşdırıla bilər. Orada üztanıma cihazlarının yerləşdirilməsini tövsiyə edərdim. Nəticə olaraq əraziyə kimin gəlib-getdiyi bilinsin. Bəlli olaraq ərazidə yaşayan sakinlər, daimi xidmət edən şəxslər var. Məhz onların gedib-gəlməsindən daha dəqiq əmin olmaq üçün bu kimi mexanizmlər tətbiq edilə bilər. Həmçinin vətəndaşlara müəyyən kartlar da verilməsi mümkündür. Bütün bunlar artıq təhlükəsizliyin maksimum həddə təmin edilməsi deməkdir. Bunun üçün isə müəyyən qədər maddi vəsait tələb olunur”.
“Qarşımızdakı ermənidir. Onlarla bağlı hər hansı məsələni heç bir texnika və qüvvə ilə tam sığortalaya, qarantiya altına ala bilmərik. Nə dərəcədə güclü tədbirlər görülsə də, bir yol tapıb mənfi situasiyalara səbəb ola bilərlər. Ən azından buna cəhd edəcəklər. Ona görə də maksimum şəkildə diqqətli olmaq lazımdır” – deyə ekspert bildirib.
Qeyd edək ki, sözügedən rentgen aparatı təhlükəsizlik üçün texniki avadanlıqların istehsalında qlobal liderlərdən sayılan “Smiths Group”un bir hissəsi olan “Smiths Detection” Britaniya şirkətinin məhsuludur. Rentgen aparatı silahlarla yanaşı radioaktiv materialların, narkotik və qaçaqmalların, biotəhlükə cihazların da aşkar edilməsində effektiv rola malikdir.
Ayşən Mustafa
Globalinfo.az














