Osmanlı ordusunun erməni zabiti Mihran Mesropyanın nəvəsi, erməni əsilli amerikalı vəkil Qlenn Frederik Matheson Türkiyə Cümhuriyyətinin vətəndaşı olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə parlamentinin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı Əli Şahin məlumat yayıb.
“Onun Türkiyə vətəndaşlığı əldə etməsində rol oynadığım üçün qürur duyuram”, – Şahin bildirib.
Qlenn Sultan Muradın şərəfinə “Murad” adını seçib və “həyatımın ən xoşbəxt anı budur” – deyə təəssüratlarını ifadə edib.
Qeyd edək ki, Mihran Mesropyan 1889-cu ildə Afyonkarahisarda erməni tacir ailəsində anadan olub. Osmanlı ordusunda Gelibolu, Suriya, Fələstin və Şərq Cəbhələrində zabit və memar kimi xidmət edib.
O, Türkiyədə memarlıq təhsili alıb, İzmir və İstanbulda bir çox binaların ərsəyə gətirilməsində iştirak edib.
1920-ci ildə ailəsi ilə birlikdə İstanbulun Üsküdar mahalına köçən Mesropyan, 1921-ci ildə həyat yoldaşı və iki oğlu ilə birlikdə ABŞ-a mühacirət edib. Orada o, Vaşinqtonun ən məşhur binalarını tikən, dövrün aparıcı podratçılardan biri olan Henri Vardmanın baş memarı olub.
O, Türkiyə Cümhuriyyəti qurulduqdan sonra buradakı dostları və yaxınları ilə daimi əlaqə saxlayıb.
Ayşən Mustafa
Globalinfo.az














