“Erməni legionerlər Avropada yəhudiləri güllələyiblər” – Tarixçidən 9 May açıqlaması

“Erməni legionerlər Avropada yəhudiləri güllələyiblər” – Tarixçidən 9 May açıqlaması

Hər il olduğu kimi, bu il də 9 mayla bağlı mübahisə yaranır. Bunu Azərbaycana dəxli olmayan təqvim kimi təqdim edənlər də var, faşizm üzərində qələbə sayanlar da.

Bəs biz bundan imtina etməliyik, yoxsa tariximizin bir parçası olaraq qalmalıdır?

Mövzunu Globalinfo.az-a şərh edən tanınmış tarixçi Zaur Əliyev İkinci Dünya müharibəsində 630 mindən çox azərbaycanlının iştirak etdiyini bildirib. Deyib ki, əgər Azərbaycan əhalisinin Sovet ordusunun qalib gəlməsi üçün verdiyi dəstək olmasa idi, bəlkə də qələbə əldə etmək mümkün olmazdı:

“Həmin şəxslərin çoxu zamanında ölüb, əsir düşüb. Biz bu insanların zəhmətini yerə vura bilmərik. Azərbaycanda 10 milyon əhali varsa, onların böyük əksəriyyətinin nənə-babaları, yaxınları döyüşdə iştirak ediblər. O zaman onlar nə bilərdilər ki, imperiya dağılacaq və Azərbaycan müstəqil dövlət olacaq?! O vaxt sovet təbliğatı elə qurulmuşdu ki, Vətən anlayışı SSRİ-dən kənara çıxmırdı. Hər dövrün öz təbliğatı var. Sovet dönəmi ilə bugünkü yanaşma fərqlidir”.

Tarixçi deyib ki, İkinci Dünya müharibəsinə Böyük Vətən müharibəsi deyilməsi yanlışdır:

“Çünki artıq elm və təhsil dairələrində də bu ifadə işlədilmir. Real ifadə budur ki, biz İkinci Dünya müharibəsində iştirak etmişik. Yəni azərbaycanlılar böyük zəhmət çəkiblər. Misal olaraq Həzi Aslanovu, İsrafil Məmmədovu, Gəray Əsədov və s. misal çəkmək olar. 129 Sovet İttifaqı qəhrəmanı var ki, onlar Taqanroq diviziyasının, partizan hərəkatının tərkibində döyüşüblər. Bu qədər insanın zəhmətini yerə vurmaq olmaz və “nahaq vuruşublar” demək doğru deyil. Kimlər ki, faşist ordusuna əsir düşdü, onlar təbliğat apardı ki, bəli, Azərbaycan cümhuriyyəti olub, biz cümhuriyyəti, dövlətçiliyi bərpa etmək istəyirik, bayrağımızın da rəngi budur. Onlar bu təbliğata inanıb, sovetə qarşı vuruşdular. Amma elələri də var idi ki, bunların təbliğatı başqa cür aparılırdı. Məsələn, İtaliya və Avropa tədqiqatçıları yazırlar ki, Stalinqrad döyüşündə ruslar qalib gələ bilmirdilər. Həmin vaxt əsas aparıcı qüvvə Azərbaycan legionerləri olub. Artıq görüblər ki, azərbaycanlılar bir-biri ilə üz-üzə qalıb, ona görə də legionerlər bunlara güllə atmayıblar. Çünki alman faşizmi Sovet ordusunda elə təbliğ olunurdu ki, artıq hər kəsin fikrində nifrət formalaşmışdı. O vaxt da Sovet ordusunda belə bir ideologiya var idi ki, məhz faşizmə qalib gəlmək Azərbaycan və bir çox xalqı xilas etmək anlamına gəlir. Amma doğrudan da faşizm ideologiyası çox zərərlidir. Onlar özlərindən başqa bir irq tanımırdılar”.

“Erməni legionerlər Avropada yəhudiləri güllələyiblər” – Tarixçidən 9 May açıqlaması

Zaur Əliyev 

Z.Əliyev deyib ki, Hitlerin planında Ukraynada 99 milyon insanın yerləşəcəyi, bunların ayrı irqin nümayəndələri olaraq Berlindən idarə olunacaqları və faşizmə xidmət edəcəkləri var idi:

“Hitlerin ən böyük zəifliyi isə o ideologiyadan sui-istifadə etməsi idi. Amma bu gün minlərlə azərbaycanlı İtaliyada, Fransada, Avropanın bir çox yerlərində, keçmiş SSRİ ərazisində döyüşüb canlarını qoyublar. Bu döyüşdə nə Qazaxıstan, nə Türkmənistan, nə Moldova, nə də Rusiya heç nə edə bilmirdi. Nələri var idi, nə də edələr?! Amma dəstək Bakıdan gəlirdi. Hətta Jukov xatirəsində yazıb ki, Bakı olmasa idi, məğlub olardıq. Təsəvvür edin, Bakıdan ora qızıllar, ərzaq, pullar gedirdi. Xəzərdə alman gəmilərinin qarşısını da almaq lazım idi. Biz o zaman neft mədənlərimizi də qoruya bilmişik.

Azərbaycan təkcə özünü yox, eyni zamanda Şimali Qafqaz xalqlarını da qorudu. İnanın ki, Azərbaycan və Bakı nefti olmasa idi əminəm ki, Rusiya elə 1941-ci ildə də məğlub olardı. Stalinin Azərbaycana yazdığı məktubda da var ki, Bakını işə salın. Bakı olmasa, müharibəni uduzacağıq.

İtaliyada “Qaribaldi” ulduzu var ki, İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə verilib. Orada 30 nəfər mükafatçıdan 8-i azərbaycanlıdır. Təsəvvür edin elə ən çox mükafat alan bizimkilər olub. O zaman Fransanın xilasında azərbaycanlı partizanların rolu çox olub. Hətta bizim legionerlərimiz belə Avropanın özündə alman faşistlərinin digər xalqlara qarşı etdiyi cinayətin qarşısını alıblar, əmrləri icra etməyiblər. Buna görə də, Çexiya və Polşada alman ordusu tərəfindən beş minə yaxın azərbaycanlı qətlə yetirilib. Çünki onlar əmrə tabe olmayaraq yəhudilərə güllə atmayıblar. Bu gün Polşada təbliğat qurublar ki, guya azərbaycanlı legioneri yəhudiləri qırıb. Amma güllə atan erməni legionerləri olublar. Əlimizdə bununla bağlı yüzlərlə faktlar var. Ona görə də, hesab edirəm ki, 9 mayı unutmalı deyilik. Almanların böyük hədəfi Bakı olub. Tarixi unutmamalıyıq!”.

Zaira Akifqızı
Globalinfo.az