Erməni kəşfiyyatçı: “Müharibəni dayandırmaq olardı, amma…”

“Biz Su-30SM”i alanda düşünürdüm ki, doktrinamız müdafiə taktikasından aktiv müdafiə və əks-hücuma keçəcək. Çünki bu qırıcılar hücum üçün nəzərdə tutulub. Amma indi mən artıq inanmıram ki, biz “SEZAR” özüyeriyən artilleriya qurğusunun üstünlüklərindən yararlanmaq istəyirik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanda ilk kəşfiyyat-diversiya dəstəsinin təsisçisi Vova Vartanov deyib.

“Bizdə bütün Avropanın qorxduğu Rusiya raketi olsa da, onu düşmən qoşunlarına qarşı istifadə etmədik. Bəlkə də, bir zərbə ilə müharibəni dayandırmaq mümkün olardı. Amma biz bunu da etmədik. Ona görə də, “SEZAR”dan istifadə edəcəyimizə inanmıram”, – deyə Vartanov vurğulayıb.

Vova Vartanovun Rusiya istehsalı olan hansı raketləri nəzərdə tutduğu bəlli deyil. Xatırladaq ki, Ermənistan İkinci Qarabağ Müharibəsi dövründə Gəncə, Bərdə və Mingəçevir şəhərlərini Rusiya istehsalı olan “Toçka-U” və digər ballistik raketlərlə vurub. Gəncə və Bərdənin raket atəşinə tutulması nəticəsində qadın, uşaq və yaşlı olmaqla xeyli sayda mülki vətəndaşımız həyatını itirib. Eyni zamanda güclü dağıntılar baş verib. Odur ki, müharibə cinayətinə əl atan Ermənistanın hansısa nümayəndəsinin bu cür bəyanat verməsi anlaşılmır. Əslində bu, növbəti erməni yalanı və məkridir.

Müşviq Tofiqoğlu
Globalinfo.az