Sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında Laçın yolundakı vəziyyətlə bağlı dinləmə keçirilib. Dinləmədə şahid qismində Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo və Corctaun Universitetinin professoru Deyvid Fillips çıxış edib. Dinləməyə ABŞ konqresmeni Kristofer Smit moderatorluq edib.
Kristofer Smit bildirib ki, Qarabağda etnik ermənilərin ərzaq və dərmanlara çıxışının qarşısı alınıb və onlar “Azərbaycan hökuməti tərəfindən acından öldürülür”.
Maraqlıdır, rəsmi Bakı bununla bağlı nə düşünür?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, Azərbaycan məsələyə səssiz qalmamalı rəsmi etirazını bildirməlidir:
Əhəd Məmmədli
“Misal üçün, ABŞ-ın ölkəmizdəki səfirliyinə nota təqdim edilə bilər. Bundan başqa XİN səviyyəsində də etiraz bəyanatı səslənə bilər.
Düzdür, bunun elə də ciddi bir təsiri olacağını düşünmürəm. Yəni rəsmi Vaşinqton üçün bu bir o qədər də əhəmiyyətli olmayacaq. Lakin bütün hallarda məsələyə səssiz qalına bilməz. Diplomatik etirazımızı bildirməyimiz vacibdir.
Aydın məsələdir ki, Konqresdə dinləmələr zamanı çıxış edən şəxslərin bir çoxu antiazərbaycan mövqeli, erməni diasporu ilə təmasda olan şəxslərdir. Hesab edirəm, bu kimi fəaliyyətlərin qarşısını almaq üçün biz ABŞ-dakı yəhudi diasporu ilə əlaqələrimizi genişləndirməli və erməni diasporuna qarşı ortaq çıxışlar etməliyik.
Bu gün ABŞ-da xüsusilə cənub ştatlarında Azərbaycan mövqeyini dəstəkləyəcək rəsmilər var. Belə insanları tapıb təmaslar qurulmalıdır. Biz bu məsələdə ermənilərdən geridə qalırıq”.
Turan Rzayev
Globalinfo.az














