Ərdoğan üç qitədə üç liderlə görüşəcək: müzakirə ediləcək mövzular…

“Türkiyə hazırkı geosiyasi reallıqda toqquşan qütblər arasında tarazlığı saxlayan oyunçu rolundadır. Hər iki tərəf – Qərb və Rusiya bu və ya digər şəkildə Türkiyəni öz yanlarına çəkməklə tarazlığı xeyirlərinə dəyişmək gedişləri edir. Türkiyə də bu reallıqdan öz maraqları üçün uğurla istifadə edir. Ərdoğanın Putin və Baydenlə görüşü bu kontekstdə həm müxtəlif regionlarda hadisələrin inkişafına, həm də geosiyasi mübarizədə qüvvələr balansına təsir edə bilər”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Ankaranın xarici siyasət gündəmi genişdir:

“Həm Suriya, həm Qəzza, həm Cənubi Qafqaz prioritet məsələlərdir. Bütün bunların fonunda Türkiyənin Orta Dəhliz adlandırılan coğrafiyada liderliyi ələ almaq planları var və hazırda geosiyasi mübarizənin getdiyi bu coğrafiyada təkcə Rusiya və ABŞ yox, Çin də əsas tərəflərdən biridir.
Fikrimcə, Ərdoğan Putinlə həm Suriyanı, yəni Yaxın Şərqi, həm də Cənubi Qafqazı müzakirə edəcək. Eyni gündəmi Baydenlə də görüşə aid etmək olar. Hazırda Orta Dəhliz üzərində prioritet məsələ Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması, daha dəqiq desək, bunun hansı prinsiplər əsasında imzalanmasıdır”.


Asif Nərimanlı

Ekspert deyib ki, ABŞ-ın fəallığı müşahidə edilir:

“Vaşinqton Mərkəzi Asiyadan Avropaya uzanan bu xətdə nəzarəti ələ almaq niyyətindədir və bununla Çini oyundankənar vəziyyətə salmağa çalışır. Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanmasına buna görə çalışırlar.

ABŞ üçün Türkiyə bu məsələdə həlledici oyunçudur, ona görə bütün təmaslarda digər məsələlərlə yanaşı, Cənubi Qafqazı da müzakirə edirlər. Burada Bakı və Ankaranın maraqlarına tam cavab verməyən məsələlər var, xüsusilə kommunikasiyanın hansı prinsiplə açılması məsələsində ABŞ-ın Zəngəzur dəhlizinə yanaşması Türkiyə və Azərbaycanın gündəliyindən fərqlənir.

Mümkündür ki, Ərdoğan Putinlə bu məsələləri – Bakı və İrəvan arasındakı sülh sazişini, Cənubi Qafqazdakı prosesləri, kommunikasiyanın açılmasını müzakirə edəcək. Bu, həm də Baydenlə görüşə əlinin daha güclü şəkildə getməsi üçün də lazımdır. Cənubi Qafqazdakı proseslərdə Ərdoğan təbii ki, Əliyevlə də məsləhətləşmələr aparır, birgə addımları müəyyənləşdirir.

Analoji yanaşmanı digər məsələlərə – Yaxın Şərqə, xüsusilə Suriyada PKK-nın qanadı olan PYD/YPG qüvvələrinə qarşı mübarizəyə də aid etmək olar. ABŞ bu qüvvələrə dəstək verir, Türkiyə Rusiya ilə anlaşmağa və ABŞ qarşısında mövqeyini gücləndirməyə çalışa bilər.
Bu görüşlərin nəticəsi böyük ehtimalla həm Yaxın Şərq, həm Cənubi Qafqazdakı hadisələrin inkişafını müəyyənləşdirəcək”.

Turan Rzayev
Globalinfo.az