Ərazimiz bəllidir, lakin ölkəni məhvə aparırlar – Paşinyan

“Bəli, dünyada elə qüvvələr var ki, dövlətimizin mövcud olmasını istəmirlər. Bizim buna reaksiyamız nə olacaq? Əlimizə daş, çomaq götürüb deyəcəyik ki, “ey, kim idi bunu deyən?!”

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, ermənilər ağıllı davranıb deməlidirlər ki, biz ölkəmizdən bir millimetr belə verməyəcəyik:

“Bəziləri deyir ki, Ermənistan indi olduğu qədər deyil, daha böyükdür. Bəli, biz də bunu deyirdik. Hamımız tariximizə görə belə düşüncədə idik. Lakin təkcə 100 il əvvəl deyil, 50 il əvvəl də tarixdir. Biz öyrənməliyik ki, ölkəmizin ərazisi 29 min 743 kvadrat kilometrdir. Ermənistanın 29 min 743 kvadrat kilometrdən daha böyük əraziyə iddia etməli olduğunu deyən xarici və daxili qüvvələr ölkəni məhvə doğru aparırlar”, – o bildirib.

Paşinyan Ermənistanın öz qonşularını dəyişə bilməyəcəyini deyib:

“Bizim nə etməyimizdən asılı olmayaraq, qonşularımız İran, Türkiyə, Gürcüstan və Azərbaycandır. Məgər biz qonşularımızla problemi həll edə bilmərik? Hər dəfə deyirik, “gəlin, bizim problemləri həll edin”. Biz əgər özümüzü ağıllı adamlar sayırıqsa, başqalarının bizdən başqalarına qarşı istifadə etməsinə imkan verməməliyik. Biz burada yaşayacağıq. İnsanlar, biz sadəcə “Ermənistanı götürüb Avstraliyaya gedək” deyə bilmərik”, – o bildirib.

Əliyar Xəlil
Globalinfo.az