Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun deputatlığa namizədliyini irəli sürməsi gözlənilməz oldu. İctimaiyyət avqustun 2-nə kimi digər nüfuzlu, tanınmış şəxslərin də namizədliyini irəli sürəcəyini düşünür.
Görəsən, daha hansı sürpriz namizədlər olacaq?
Globalinfo.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov Polad Bülbüloğlunun bu addımını dəstəkləyib.
O, hətta Bülbüloğluna səs vermək istədiyini qeyd edib:
“Ayın 2-nə hələ 5 gün var. Bu müddət ərzində çox şey ola bilər. Kim istəyir, namizədliyini irəli sürə bilər. Nə qədər azad seçki olsa, bir o qədər yaxşıdır. Çünki yeni Milli Məclis formalaşar. Polad müəllimin namizədliyini irəli sürməsini alqışlayıram. Etiraf edim ki, Şuşada yaşamış olsa idim, Polad Bülbüloğluna səs verərdim”.
E.Məmmədyarov namizədliyini irəli sürən şəxslərin yaş həddi məsələsinə də toxunub:
“Əslində, Milli Məclis elə bir qurumdur ki, ora təcrübəli insanların gəlməsi daha yaxşıdır. Fərqi yoxdur həmin şəxs gəncdir, yoxsa yaşlı. Əlbəttə, gənclərə də yol verilir, amma təcrübəli adamların da parlamentdə olması mütləqdir”.
Sabiq nazir özünün namizədliyini irəli sürüb-sürməyəcəyi haqda danışıb:
“Açığı, namizədliyimi irəli sürməyəcəm, belə bir fikrim də yoxdur. Bu, mənim üçün heç maraqlı deyil. Bundan sonra da marağımın olacağına inanmıram. Səbəb isə fərqlidir. Müxtəlif faktlar var deyə, deputat olmaq mənə maraqlı gəlmir”.
Zaira Akifqızı
Globalinfo.az














