“Almatı görüşü Ermənistan ilə Azərbaycan arasında ikitərəfli, birbaşa danışıqlar baxımından mühüm idi. Çünki ikili təmaslar sülh prosesini irəli aparmaq üçün ən yaxşı formatdır. İki günlük müzakirə müəyyən dərəcədə prosesi irəliyə aparmağa xidmət etdi”.
Bu sözləri Globalinfo.az-a politoloq Oqtay Qasımov Almatı görüşünün nəticəsi və ehtimal Əliyev-Paşinyan görüşü haqda danışarkən deyib.
Onun sözlərinə görə, Almatı görüşü ilə bağlı gözləntilər çox böyük idi:
“Xüsusilə Ermənistan ilə Azərbaycan arasında müəyyən bir razılığın əldə ediləcəyi və bunun elan ediləcəyi gözlənilirdi. Amma bu gözləntilər özünü doğrultmadı. Çünki mövcud təmaslar hələ yetərincə deyildi.
Almatı görüşündə müsbət məqam o idi ki, hər iki tərəf delimitasiya və demarkasiya prosesini dəstəklədiyini bildirdi. Razılaşdırılamayan, açıq qalan məsələlərin müzakirəsi isə növbəti görüşlərdə davam edəcək. Bunu müsbət tendensiya hesab etmək olar.
Oqtay Qasımov
Hazırda Ermənistan ilə Azərbaycan arasında həllini gözləyən bir sıra məsələlər var. Zəngəzur dəhlizi və ümumilikdə kommunikasiyaların açılması buna misal ola bilər. Rəsmi Bakı dəhlizdəki rejimin 10 noyabr bəyanatında göstərildiyi kimi maneəsiz və təhlükəsiz şəkildə olmasını istəyir. Erməni tərəfi isə daha fərqli yanaşma sərgiləyir.
Digər bir məsələ isə Ermənistan konstitusiyasında edilməsi istənilən dəyişiklikdir. Belə ki, mövcud konstitusiyada həm Türkiyə, həm də Azərbaycana qarşı ərazi iddiaları var. Bundan başqa Ermənistan minaladığı ərazilərin xəritələrini də Azərbaycana təhvil verməlidir”.
Politoloq prezident İlham Əliyev ilə Baş nazir Nikol Paşinyan arasında gözlənilən ehtimal görüş haqda danışıb:
“Mən bu tezlikdə belə bir görüşün keçiriləcəyini düşünmürəm. Ümumiyyətlə, hazırda danışıqlar prosesi XİN başçılarının və sərhəd komissiyalarının görüşləri kontekstində qalmalıdır. Liderlərin görüşməsi üçün hələ çox tezdir”.
Turan Rzayev
Globalinfo.az














