Eks-prezidentin İrəvana xəbərdarlığının səbəbi nədir? – Kritik günə az qaldı

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Azərbaycan nümayəndə heyəti ilə sərhəddə baş tutacaq görüş haqda danışarkən deyib ki, danışıqlar yenə dalana dirənəcək və İrəvan güzəştə getməli olacaq.

“Bu isə bizim üçün yaxşı heç nə vəd etmir”, – Sərkisyan deyib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Serj Sərkisyanın indiki məqamda dediyi fikirlər ciddiyə alına bilməz:

“O, devrilmiş, səriştəsiz siyasətçi idi. Yəni gələcəkdə onu nəyin gözlədiyini sezə bilmirdi. Nəticə etibarilə də küçədən gələn biri onu rahatlıqla devirə bildi.

Ermənistan və Azərbaycan nümayəndələrinin şərti dövlət sərhədində baş tutacaq görüşü həm iki ölkə üçün, həm də region üçün olduqca vacibdir. Bu görüşün uğurlu olub-olmaması sonrakı proseslərin inkişafına təsir edəcək.

Azərbaycan və Ermənistan təkbaşına uzlaşa, mövcud problemləri aradan qaldıra bilər. Kənar müdaxilələr ediləcəyi təqdirdə problemlərin yaşanması mümkündür. Xüsusilə ABŞ və Fransa prosesin həllində maraqlı deyil. Rusiya indiki məqamda eyni yanaşmanı sərgiləyir, amma ən azından Kremlin metodu radikal deyil.

Qabil Hüseyinli

Bu görüş Ermənistan üçün müsbət dinamika vəd edir. Misal üçün, sərhədlərin delimitasiya və demarkasiyasının yekunlaşması yeni müharibə riskini sıfırlayır. Bundan başqa, kommunikasiya xətlərinin açılması regionda iqtisadi inkişafa, Ermənistanın blokadadan çıxmasına zəmin yaradacaq. Bu siyahını uzatmaq olar. Hesab edirəm, görüş kənar müdaxilə olmayacağı təqdirdə uğurlu ola bilər”.

Turan Rzayev
Globalinfo.az