Dünyanın ən zəngin ailəsi açıqlandı

“The Times” qəzeti dünyanın ən zəngin ailələrinin siyahısını elan edib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Al Nəhyanın ailəsi dünyanın ən varlı ailəsi statusuna malikdir.

Nəhyanlar ailəsinə məxsus sərvətin əsasını enerji ticarətindən əldə edilən gəlirlər, həmçinin müxtəlif kompaniyalara və daşınmaz əmlak bazarlarına qoyduğu sərmayə də daxil olmaqla, uğurlu investisiya siyasəti təşkil edir.

“Bloomberg” agentliyinin məlumatına görə, ailənin varidatı təxminən 300 milyard dollardır.

Məlumat üçün bildirək ki, Əbu-Dabidən olan ailə maliyyə işlərindən robot texnikasına qədər müxtəlif sahələrdə fəaliyyət göstərən, 27 mindən çox işçisi olan “Royal Group” kompaniyasının sahibidir.

Nəhyanlar ailəsi İngiltərənin “Mançester Siti” futbol klubunda, İlon Maskın “SpaceX” kompaniyasında və Rihannanın “Savage x Fenty” moda evində pay sahibidir.

Qeyd edək ki, “The Times” qəzetinin tərtib etdiyi reytinqin ikinci pilləsində sərvəti 224,5 milyard dollar olan “Walmart” mağazalar şəbəkəsinin sahibləri amerikalı Uolton ailəsi qərarlaşıb.

İlk beşliyə eyniadlı qənnadi kompaniyasının təsisçiləri olan Mars ailəsi (160 milyard dollar), “Koch Industries” sənaye konqlomeratını idarə edən Koc ailəsi (128,8 milyard dollar) və Səudiyyə Ərəbistanının kral ailəsi (105 milyard dollar) daxil olub.