Ekoloji problemlər müasir dövrdə dünyanı narahat edən əsas məsələlərdən birinə çevrilib.
Ekologiya və ətraf mühitin mühafizəsi üzrə Azərbaycanda hansı tədbirlər həyata keçirilir?
Globalinfo.az-a danışan “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Nərminə Qəribova deyib ki, müasir dövrdə ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi bütün dünya dövlətləri üçün mühüm məsələlərdən biridir:
“Azərbaycan da bu sahəyə xüsusi diqqət ayırır və ekoloji təhlükəsizliyin təmin olunmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Ölkəmizdə həyata keçirilən tədbirlərin əsas məqsədi təbii sərvətlərin qorunması, ekoloji tarazlığın bərpası və gələcək nəsillər üçün sağlam mühitin yaradılmasıdır. Azərbaycanda 2030-cu ilə qədər sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər sırasında “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” istiqaməti xüsusi yer tutur. Bu çərçivədə müxtəlif dövlət proqramları və beynəlxalq layihələr həyata keçirilir. Beynəlxalq ekoloji layihələrdə fəal iştirak edir. Ölkəmizin COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizəyə verdiyi önəmi göstərir. Bundan əlavə, 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününün Azərbaycanda keçirilməsi planlaşdırılır. Bu tədbirlər çərçivəsində meşələrin bərpası, tullantıların idarə olunması və iqlim dəyişikliklərinin qarşısının alınması əsas mövzular sırasında yer alır”.
QHT sədri bildirib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Yaşıl enerji zonası” layihəsi həyata keçirilir:
“Burada günəş, külək və hidroenerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilir. Cəbrayılda həyata keçirilən “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi bu istiqamətdə mühüm addımlardan biridir. Ekoloji tarazlığın qorunması üçün genişmiqyaslı ağacəkmə aksiyaları təşkil olunur. Bu tədbirlər meşə fondunun genişləndirilməsinə və atmosfer havasının təmizlənməsinə mühüm töhfə verir. Ölkədə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi artırılıb. Milli parklar, qoruqlar və yasaqlıqlar nadir flora, fauna növlərinin qorunmasına xidmət edir. Eyni zamanda, bioloji müxtəlifliyin qorunması məqsədilə ov mövsümlərinə nəzarət edilir və heyvanların mühafizəsi istiqamətində tədbirlər görülür. Ətraf mühitin qorunması sahəsində əsas istiqamətlərdən biri atmosfer havasının çirklənməsinin azaldılmasıdır ki, bu məqsədlə sənaye müəssisələrində və nəqliyyat sektorunda enerjidən səmərəli istifadə texnologiyalarının tətbiqi genişləndirilir, zərərli tullantıların azaldılması istiqamətində tədbirlər görülür”.
Nərminə Qəribova
Nərminə Qəribova qeyd edib ki, ölkəmiz üçün su ehtiyatlarının qorunması da mühüm məsələlərdəndir:
“2026-2035-ci illəri əhatə edən dövlət proqramı çərçivəsində su təchizatı, kanalizasiya sistemlərinin yenilənməsi, tullantı sularının təkrar istifadəsi və “ağıllı” su şəbəkələrinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür. Sahilboyu ərazilərin təmizlənməsi və dənizin çirklənməsinin qarşısının alınması daim diqqət mərkəzində saxlanılır. Azərbaycanda tullantıların düzgün idarə olunması məqsədilə müxtəlif maarifləndirici layihələr həyata keçirilir. “Tullantıları hədiyyələrə dəyiş” adlı festivallar əhalinin ekoloji şüurunun artırılmasına xidmət edir. İnsanlar bu tədbirlər vasitəsilə tullantıların çeşidlənməsi və təkrar emalının əhəmiyyətini daha yaxşı anlayırlar.
“Rəqəmsal ekologiya” informasiya sistemi vasitəsilə tullantıların idarə olunması və ətraf mühitin monitorinqində şəffaflığın artırılması məqsəd qoyulub. Azərbaycan BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Ölkəmiz iqlim dəyişikliklərinin yaratdığı problemlərlə mübarizədə qlobal təşəbbüslərə dəstək verir və beynəlxalq təcrübədən istifadə edərək ekoloji siyasətini daha da inkişaf etdirir. Azərbaycanda ekologiya və ətraf mühitin qorunması istiqamətində genişmiqyaslı və məqsədyönlü tədbirlər həyata keçirilir. Yaşıl enerji layihələri, ağacəkmə aksiyaları, su və hava ehtiyatlarının qorunması, tullantıların düzgün idarə olunması kimi tədbirlər ölkənin davamlı inkişafına mühüm töhfə verir. Bu siyasətin əsas məqsədi təbiəti qorumaq, insanların sağlam yaşayışını təmin etmək, gələcək nəsillərə daha təmiz və təhlükəsiz mühit ötürməkdir.
Bütün bunlarla yanaşı dövlət qurumları, QHT-lər, təhsil müəssisələri, özəl və dövlət təşkilatları da əhali arasında ətraf mühitə qarşı məsuliyyətli davranış, ekoloji şüurun formalaşdırılması, təbiətlə insan harmoniyasının yaradılması istiqamətində müxtəlif layihələr icra edilir. Bu ekoloji layihələr ölkədə turizmin inkişafına da böyük töhfə verir. Ətraf mühitin qorunması və təbii sərvətlərin düzgün idarə olunması Azərbaycanın beynəlxalq imicini gücləndirir, turizm potensialını, ölkəyə gələn turistlərin marağını, həmçinin yerli əhali üçün iş imkanlarını artırır”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: Ekologiya və ətraf mühitin mühafizəsi.
Ləman İmran
Globalinfo.az