Bəzən hansısa məşhur idmançı və ya müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış şəxslərin anidən müflisləşmə həddinə gəlməsi barədə xəbərlər yayılır. Sonuncu belə xəbər qarışıq döyüş növləri üzrə idmançı Həbib Nurməhəmmədovla bağlıdır. Belə ki, vergi orqanlarına 300 milyon rubldan (təxminən 6 milyon manat) çox borcunun olması səbəbindən onun əmlakına, ailə evi və bahalı avtomobil parkına həbs qoyulub. Nurməhəmmədovun bu böhrandan çıxacağı deyilir, lakin heç də bütün tanınmış simalar belə şanslı olmurlar. Bəzən bir gecədə milyonlarını itirən nüfuzlu şəxslərin həyatı ilə bağlı məlumatlara rast gəlirik.
Maraqlıdır, belə şəxslərin külli miqdarda borcunun yaranması nə ilə əlaqədardır?
Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı ekspert Elçin Qurbanov deyib ki, idmançıların və ya digər tanınmış şəxslərin vergi borclarının yaranma səbəbi müxtəlif olur:
“Adətən belə yüksək məbləğdə borclar gəlirlərin gizlədilməsi və ya gəlirlərini əks etdirən bəyənnamələrin vaxtında, şəffaf şəkildə təqdim edilməməsi, gecikmələrə görə faizlər, maliyyə sanksiyaları və s. əsaslarla yaranır”.
İqtisadçı qeyd edib ki, idmançıların vergi borclarının aldıqları mükafatlarla heç bir əlaqəsi yoxdur:
“Onların əksəriyyəti bizneslə məşğul olurlar. Öz titullarından bəzi hallarda sui-istifadə etmək istəyənlər də olur, lakin bu yanlış addımdır. Qanun qarşısında hər kəs bərabərdir. Ona görə də vergidənyayınma halları yolverilməzdir”.
Zaira Akifqızı
Globalinfo.az














