Son vaxtlar Dövlət Təhlükəsizlik Xidmətinin bir sıra qurumlarda, xüsusən Dövlət Gömrük Komitəsində (DGK) və Mədəniyyət Nazirliyində korrupsiyaya qarşı həyata keçirdiyi əməliyyatlar ictimaiyyətdə diqqətlə izlənilir.
Müzakirə olunan məqamlardan biri də bəzi dövlət orqanlarında rüşvət və korrupsiya hallarının aradan qaldırılması üçün görüləcək tədbirlərdir.
İstər Dövlət Gömrük Komitəsində, istərsə də Mədəniyyət Nazirliyində rəhbər heyət dəyişsə də neqativlər qalır. Hər iki qurumda korrupsiya, büdcə vəsaitinin talanması dayanmır.
Noyabrın 1-də Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və digər vəzifəli şəxslər saxlanılıb.
Xatırladaq ki, DTX 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Həmin vaxt nazir müavini Rafiq Bayramov saxlanılmışdı. Nazir Əbülfəs Qarayev prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılmışdı.
Dövlət Gömrük Komitəsində də vaxtaşırı əməliyyatlar keçirilir. Bu qurumda 2015-ci ildən aparılan ardıcıl islahatlar hələ də öz nəticəsinə vermir. 2018-ci ildə DGK-nə Səfər Mehdiyev sədr təyin olundu. Onun 4 illik sədrliyi müddətində Komitənin işində ciddi dönüş yaranmadı. Yenə də rüşvət, korrupsiya tüğyan etdi. 2022-ci ilin iyul ayının 16-da S.Mehdiyev Prezident sərəncamı ilə vəzifədən azad edildi. Elə həmin vaxtda DTX Gömrük Komitəsində anti-korrupsiya əməliyyatı keçirdi. Əməliyyat zamanı ikisi general olmaqla, bir sıra mühüm vəzifəli şəxslərin həbs edildi.
Dövlət Təhlükəsizlik Xidməti bu ilin noyabr ayında Naxçıvan Dövlət Gömrük Komitəsində anti-korrupsiya əməliyyatına başladı. Yenə də həbs edilənlər, işdən çıxarılanlar oldu. Hazırda Muxtar Respublikada anti-korrupsiya əməliyyatları davam etdirilir.
Nazirliklərdə, dövlət komitələrində vaxtaşırı anti-korrupsiya əməliyyatları keçirilsə də şəffaflıq yaratmaq mümkün olmur. 2 il sonra DGK strukturlarında yenə əməliyyat keçirilsə, yəqin ki, korrupsiya və rüşvət halları üzə çıxar.
Eləcə də Mədəniyyət Nazirliyində 1-2 il sonra analoji yoxlamalar aparılsa, dövlətin büdcə vəsaitlərinin talandığının şahidi olacağıq.
Bəs dövlət korrupsiyanın qarşısını hansı yollarla almalıdır ki, bu neqativ hal təkrarlanmasım?
Professor Elşad Məmmədov
Mövzunu Globalinfo.az-a şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, rüşvət alan məmurlar birmənalı şəkildə məsuliyyətə cəlb olunmalıdırlar:
“Dövlət qurumlarında həyata keçirilən antikorrupsiya tədbirləri təqdirəlayiqdir. Lakin fundamental amillər aradan qaldırılmasa, biz bundan sonra da korrupsiya şəbəkələrinin fəaliyyətinin şahidi ola bilərik.
Əgər hər hansı bir qurum müvafiq normativlərə əməl etmirsə, o qurumun rəhbəri mütləq şəkildə vəzifəsindən kənarlaşdırılmalıdır. Aydın məsələdir ki, vəzifəyə təyinatla və ya kənarlaşdırmaqla bağlı müvafiq hüquqi normativ aktları var. O hüquqi normativ aktlarda konkret göstərilir ki, rəhbərlər o qurumlara necə və hansı mexanizmlərlə təyin olunur. Eyni zamanda, o qurumların fəaliyyəti ilə bağlı normativlər tətbiq olunmalı, həmin normativlərə əməl etməyən qurum rəhbərləri müvafiq qaydada qanun çərçivəsində cəzalandırılmalıdırlar. Belə olmadığı halda məmurlarda arxayınlıq yaranır. Bu isə dərin problemlərə yol açır”.
Professor qeyd edib ki, iqtisadi idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var:
“Ölkədə effektiv şəkildə iqtisadi mexanizm tətbiq olunmalı, ictimai nəzarət gücləndirilməli və hər bir məmur həm ictimaiyyət, həm qanun, həm də yüksək vəzifə daşıyıcıları qarşısında hesabat verməlidir. Düşünmürəm ki, korrupsiya halı baş verdikdən sonra məsələ hansısa tədbirlərin görülməsi ilə məhdudlaşmalıdır. Düzdür, cinayət işlərinin açılması, tədbirlərin görülməsi təqdirəlayiq, lakin daha geniş sistemli addımların atılması ilə daha ciddi nəticələrə nail olmaq mümkündür”.
Zaira Akifqızı
Globalinfo.az














