Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasındakı yanğında 14 nəfər tüstüdən zəhərlənib.
Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd edilib ki, DSX-nin Akademiyasının inzibati binasında qeydə alınan yanğın hadisəsilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib.
Hazırda hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunur.
*** 18:10
Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasında baş verən yanğın söndürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
*** 17:54
Dekabrın 6-da saat 16:40-da Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının əsas korpusunda yanğın hadisəsi baş verib, DSX-nin əisi general-polkovnik Elçin Quliyev hadisə yerinə gəlib.
Bu barədə Globalinfo.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Akademiyanın şəxsi heyəti tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi üzrə ilkin zəruri tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin “102” qaynar xəttinə məlumat verilib, əraziyə yanğınsöndürənlər cəlb edilib.
Baş verən hadisə ilə əlaqədar DSX-nin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanıb.
Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülüb, yanğın qısa zamanda lokallaşdırılıb.
Akademiyanın şəxsi heyəti arasında xəsarət alan olmayıb.
“Hadisənin baş vermə səbəbləri aidiyyətı qurumlar tərəfindən araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda qeyd edilib.
***17:30
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən Globalinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.
***17:14
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının binası yanır.
Globalinfo.az “Report”a istinadən, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.
Hazırda yanğınsöndürmə işləri aparılır.














