ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanın sülh danışıqlarında irəliləyiş əldə etdiyini açıqlayıb. Departament bildirib ki, sülh və təhlükəsizlik üçün hər iki tərəfdən mürəkkəb seçimlər və çətin kompromislər tələb olunacaq.
ABŞ Ermənistan və Azərbaycandan sülh üçün nə tələb edə bilər? Vaşinqtonun Azərbaycan nəsə tələb etməyə hüququ varmı?
Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, ABŞ Dövlət Departamenti Azərbaycandan nəsə tələb edə bilməz:
“Onların belə bir statusları yoxdur. ABŞ Çinin, Rusiyanın gücləndiyi bir zamanda hələ də birinci super güc sayılır. Buna görə də bütün münaqişələrə müdaxilə imkanını özündə görür. Bundan başqa istənilən sülhdə pay sahibi olmaq istəyir.
Ermənistanla Azərbaycan hazırda sülhə çox yaxındır. Bunu ABŞ da bilir. Vaşinqton bu və ya başqa formada sülhdə pay sahibi olmaq, beləliklə supergüc kimi prestijini artırmaq niyyətindədir.
Rəsmi Vaşinqton mümkün varianta öz himayəsində yenə öz şərtləri ilə sülhə nail olmağa çalışır. Məhz “mürəkkəb seçimlər və çətin kompromislər” deyərkən bu nəzərdə tutulur.
Bütün hallarda Bakı diktəni qəbul etməyəcək. Ümumiyyətlə, Azərbaycanla diktə dilində danışmağın faydası yoxdur. Sülh üçün Bakı kifayət qədər kompromisə gedib. Bundan artığı çətin ki, olsun”.
Turan Rzayev
Globalinfo.az














