“Dolya vorovskaya”, “Cücələrim” və Qurban bayramında bəzədilən qoç

"Dolya vorovskaya", “Cücələrim” və Qurban bayramında bəzədilən qoç

Maraqlı cəmiyyətik. Bir dəyərlə ya həddən artıq alay edirik, məzələnirik, ya da aşırı dərəcədə ona ciddi yanaşırıq. Normal mod, orta hədd çox azdır. İstənilən mövzuda təmkinli yanaşmaya maraq göstərmirik. Təmkin populyarlıq qazandırmır, kütləvi diqqət cəlb etmir, necə deyərlər, layk gətirmir. Bəlkə səbəb budur?

Qurban bayramına yanaşma da eynidir. Biri deyir, qoyun uçarmı, boş söhbətdi, digəri cavab verir ki, ağzın əyilər, elə danışma.

Bir müşahidəmi də yazım. Dolayı şəkildə bir-biri ilə əlaqəsi var.
Musiqi qabiliyyəti, istedadı olmayan əksər azərbaycanlı fortopiano ilə ilk təmasda ya nə vaxtsa güc-bəla öyrəndiyi “Cücələrim” melodiyasını xaric notlara vuraraq dınqıldadır, ya da eşitmə yaddaşı sayəsində “Dolya vorovskaya” kimi cinayətkar aləmin “himnini” ifa etməyə cəhd göstərir. Humanizm və cinayətkarlığa, inanc və inancsızlığa təzadlı münasibətimiz təxminən belədir.

"Dolya vorovskaya", “Cücələrim” və Qurban bayramında bəzədilən qoç

Bu günlərdə Gədəbəyin Söyüdlü kəndində hökumət qüvvələri ilə yerli sakinlər arasında toqquşma oldu. Polis vətəndaşların etiraz aksiyasını dağıtdı. Yaşılı qadınların üzünə bibər qazı sıxıldı. Ardınca bu hadisələrin arxasında xarici dövlətlərin dayandığına dair məlumatlar yayıldı. Sosial şəbəkələrdə, mediada bu mövzu ciddi müzakirə edildi. Bu dəfə də iki mövqe arasında fikir döyüşünə şahidlik etdik. “Barrikadanın” bir tərəfində bunu xalqın təbii tələbi, insanların konstitusion haqqı sayanlar mövqe tutmuşdu, o biri tərəfdə isə “işlərin arxasında Rusiya dayanıb” iddiasının müəllifləri.

Bütün bunlar yaxşı əlamət sayıla bilməz. Bu göstərir ki, cəmiyyət həddən artıq bölünüb. Əksəriyyət yalnız ağ və qara rənglər görür. Orta xətt, tolerant yanaşma yox səviyyəsindədir. Ən dəhşətli isə nədir, bilirsiniz? Hamı ona məxsus fikrin qəbul olunmağına israr edir. Fərqli fikri qətiyyətlə və xüsusi aqressiya ilə geri çevirir. Hərənin əlində bir qamçı dayanıb, fikrinə, sözünə, mövqeyinə keşik çəkir. Onun dediyinə fərqli söz söyləyəni həmin qamçı ilə cəzalandırır.

Bu, siyasətdə də belədir, mediada da, sosial şəbəkələrdə də. Sonuncuda vəziyyət daha acınacaqlıdır. Facebook Azərbaycanda daha populyardır. Bu resursdan kütləvi istifadə həddən artıqdır. Orda hələ indiyə kimi normal müzakirənin aparıldığına rast gəlmək mümkün olmayıb. Hünərin var, deyəsən ki, məsələn, Söyüdlüdəki hadisələrdə əhalinin də günahı var. Vəssalam. Bunu deyənin nə atası qalır, nə anası. Yeddi arxa dönənini söyüb qarğayırlar.

Bir nüfuzlu din xadimi ölür. Yeddidən yetmişə onu mədh edir. Ən müxtəlif təbəqələrin insanların mərhum haqda fikir yazaır, deyir, paylaşımlar yayır. Biri bu vəziyyətlə bağlı fərqli mövqe bildirir. Facebookda kütlənin qulağını oxşamayan fikir yazır. Vəssalam, qiyamət qopur. “Xain”, “satqın” və s. ifadələr havada uçuşur.

"Dolya vorovskaya", “Cücələrim” və Qurban bayramında bəzədilən qoç

Zaman var idi, Azadlıq meydanında xalqı emosional şəkildə idarə edənlər haqda artıq-əskik kəlmə deyənin boğazını üzməyə hazır idi kütlə. Sonralar meydan qəhrəmanlarını elə o kütlə özü linç etdi. Bu yanaşma cəmiyyəti inkişafdan saxlayır. Azərbaycanda təmkinli və soyuqqanlı yanaşma üstün mövqe qazana bilmir. Ya təqdir alacaq qədər populizmə yuvarlanmalısan, ya da söyüləcək qədər müxalif mövqedə dayanmalısan.

Bu gün azadlıq meydanının tribunasını YouTube, internet tv-lər əvəz edir. Nə qədər boşboğaz, populist, elementar etika qaydalarına riayət etməyən adam var, ora yığışıb. Təbii, bu resurslarda həqiqəti deyən, real vəziyyəti insanlara çatdıran şəxslər də var. Amma təəssüf ki, birincilər daha çox üstünlük təşkil edir. Yalanı, şəri elə gözəl bəzəyib ictimai rəyə təqdim edirlər, məsələnin mahiyyətindən xəbəri olanlar mat qalırlar.
Bu da həqiqətin ortaya çıxmasına, cəmiyyətin doğru hədəfə çatmasına ciddi mane olur. Nəticədə bu günkü mənzərə və gerçəkliklə üz-üzə qalırsan.

Bayramınız mübarək olsun.

Azər Ayxan
Globalinfo.az