Deputatla nazirliyin “davası” böyüyür – ƏƏSMN-lə Milli Məclis arasında 80 manat mübahisəsi

13.06.2024  18:03

Deputat Vahid Əhmədov müharibə veteranlarına verilən 80 manat müavinətin artırılmasını təklif etdiyini, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin prinsipial olaraq bu məsələyə biganə yanaşdığını vurğulayıb.

Sitat: “Qaldırdığım məsələlər öz həllini tapmır. Əgər millət vəkili qaldırdığı məsələ həllini tapmırsa, biz niyə bu məsələni qaldırmalıyıq? Müharibə veteranlarına verilən 80 manatlıq müavinətdən danışmaq istərdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi millət vəkillərinin qaldırdığı məsələyə belə prinsip qoyaraq 80 manatı dəyişmək istəmir. Burada məqsəd nədən ibarətdir?”

Maliyyə nazirinin müavini Azər Bayramov isə deyib ki, deputatların müavinətlərlə bağlı qaldırdığı məsələ aktualdır.

Sitat: “Qaldırılan məsələ həssasdır. Bunun prioritet istiqamətlərdən ən vacibi olduğu heç kimdə şübhə doğurmur. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu proseslərə daha kompleks baxır. Təkliflər yəqin ki, individual qaydada yox, kompleks yanaşmadan irəli gəlməlidir. Burada təqdim olunan paketə birgə baxılması məsələsi daha öndədir. İstənilən halda sizin həyəcanla qaldırdığınız məsələ aktualdır. Yəqin ki, hökumətdə bu məsələyə baxılacaq. Bizdə bu praktika var ki, millət vəkillərini dəvət etməklə bu məsələ daha geniş müzakirə oluna bilər”.

Burada sual yaranır: Kim haqlıdır: deputat, yoxsa nazirlik?

ƏƏSMN və Milli Məclis

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib ki, Vahid Əhmədov haqlıdır.

İqtisadçının sözlərinə görə, Azərbaycanda 180 minə yaxın müharibə veteranı var:

“Həmin şəxslər 80 manat müavinət alırlar. Onların müavinətinin iki dəfə artırılması üçün il ərzində cəmi 340-350 milyon manat vəsaitə ehtiyac var. Heç olmasa bu məbləği 150 manata qaldırmaq mümkündür. Vahid müəllim tamamilə haqlıdır və bu, deputatlardan asılı bir qərardır”.

N.Cəfərli deyib ki, bu qərarı nazirlik özü vermir:

“Mənə elə gəlir ki, təklif parlamentdə artıq konkret bir qərar şəklində olsa, nazirlik məcbur olaraq buna əməl etməli və yerinə yetirməli olacaq. Söhbət əgər 340-350 milyon manatdan gedirsə, müharibə veteranlarının bu gözləntisi mütləq qarşılanmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az