Deputatın güllələnməsi ilə bağlı məhkəmə: videolara baxış keçirildi

Millət vəkili Fazil Mustafa cinayəti ilə bağlı məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən növbəti iclasda istintaq materialları tədqiq edilib.

Sənədlər arasında təqsirləndirilən şəxslərin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş idarəsində verdikləri ifadələrin videolentləri var. Bu gün açıq məhkəmə prosesində həmin videolara baxış keçirilib. Daha sonra isə ekspertiza rəyləri elan edilib.

Növbəti proses iyun ayının 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin martında baş verib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Azər Səricanov, Səbuhi Şirinov, Rəşad Əhmədov, Elşad Əsgərov və Emin Əliyarov tutularaq istintaqa təhvil veriliblər. Onların hər biri təqsirləndirilən şəxs qismində tanınıb, barələrində həbs qətimkan tədbiri seçilib.