Deputatımız Köçəryanın ortağı olan generalı niyə müdafiə edib? – Özü danışdı

Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş Vaqif Hüseynovun ölümündən sonra bir sıra maraqlı faktlar ortaya çıxıb. O faktlardan biri də Vaqif Hüseynovun həbs edilməsidir. Buna səbəb onun 1990-cı ilin yanvar hadisələrinə görə təqsirləndirilməsi olub.

Bu barədə Globalinfo.az-a açıqlama verən sabiq baş nazir, AXP sədri Pənah Hüseyn deyib ki, Vaqif Hüseynovun barəsində həbs qətimkan tədbiri AXC iqtidarı dövründə seçilib. P.Hüseynin sözlərinə görə, KQB generalı həbsdə olduğu dövrdə hazırda Milli Məclisin deputatı olan Arif Rəhimzadənin rəhbərliyi ilə onun hüquqlarını müdafiə komitəsi yaradılıb. Arif Rəhimzadə həmin dövrdə də deputat olub.

Pənah Hüseyn

Rusiyanın adamı, Azərbaycanın müstəqilliyinin əleyhinə olan, SSRİ-nin qalması üçün var gücü ilə çalışan, Qarabağın ermənilərə verilməsinə müqavimət göstərməyən birini Arif Rəhimzadə niyə müdafiə edib? Onu buna nə vadar edib?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Arif Rəhimzadə xəbəri təkzib edib. O, ümumiyyətlə komitə sədri olmadığını deyib:

“O adamın hüquqlarını müdafiə edən şəxs mən olmamışam. Yanlış məlumatdır. Ümumiyyətlə, elə bir komitənin yaradılmasından, var olmasından qəti xəbərim olmayıb. Çünki Vaqif Hüseynovun hüquqlarını müdafiə edən komitə yaradılmamışdı axı. Açığı desəm, o zamandan 30 ildən çox vaxt ötüb. Həmin əhvalatlar yadımda deyil”.

Arif Rəhimzadə Vaqif Hüseynovla münasibətlərinə aydınlıq gətirib:

“Mənim Hüseynovla münasibətlərim bir o qədər də yaxın deyildi. Bildiyiniz normal münasibət idi. Mən Quba rayonunda işləyən zaman bir nəfər işlə tanış olmaq üçün gəlmişdi. Həmin vaxt onunla elə orada tanış oldum. Ondan sonra isə münasibətimiz olmayıb”.

Zaira Akifqızı
Globalinfo.az