Araikin həyasız açıqlaması: Ordumuz zərbə endirə bilər

Araikin həyasız açıqlaması: Ordumuz zərbə endirə bilər

Martın 1-də Qarabağda yaşayan erməni icmasının nümayəndələri ilə Azərbaycan nümayəndələri arasında keçirilən görüşdə bir sıra vacib məsələlər müzakirə edilib. Danışıqların davamı üçün növbəti dəfə görüş yeri olaraq Bakı, Gəncə, Ağdam şəhərlərinin seçilə biləcəyi deyilir. Xankəndidəki son hadisələrdən sonra tez zamanda görüşün keçirilməsinin proseslərin gələcək inkişafına müsbət təsir ediləcəyi deyilir.

Ümumilikdə bu danışıqlardan müsbət nəticə əldə edə bilərikmi? Qeyd edilən şəhərlərdən birinin müzakirə üçün təklif edilməsi nəyə işarədir?

Danışıqların mahiyyətini Globalinfo.az-a şərh edən Milli Məclisin deputatı Arzu Nağıyev görüşün iştirakçılarının fəaliyyətini dəyərləndirib:

“Bu görüşlə bağlı əvvəllər də anons verilirdi. Ruben Vardanyan özünü Qarabağdakı erməni icmasının nümayəndəsi kimi təqdim etməyə çalışırdı, amma alınmadı. Çünki onun icmaya heç bir dəxli yoxdur və hər hansı danışıqda iştirak edə bilməzdi. Görüşdə iştirak edən Şahramanyan separatçı qurumun nümayəndəsi olsa da, Qarabağda məskunlaşan erməni icmasının gerçək üzvüdür. Danışıqlarda başlıca məqamlar qaz və işıq təminatı, qızıl yataqlarının monitorinqi ilə bağlı məsələlər idi. Əsas məqsəd monitorinq məsələsinin həlli olduğu üçün müzakirədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi də iştirak edirdi. Hesab edirəm ki, bu ilk görüş üçün müsbət hal kimi dəyərləndirilməlidir, çünki artıq təmas var. Azərbaycan tərəfinin burada məqsədlərindən biri də o bölgədə yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasıdır.

Separatçı qurumun “rəhbəri” Araik Arutyunyan görüşlə bağlı deyib ki, “bu, sadəcə qonşuluq siyasəti kimi dəyərləndirilə bilər”. Bu da təəssüf doğurur. Amma hər şeyə rəğmən, danışıqların davam etdirilməsi gündəmdədir. Bunun üçün hansı şəhərin seçilməsi də ayrıca maraqlıdır”.

Arzu Nağıyev deputat həmkarı Ramin Məmmədovun danışıqlarda məsul şəxs kimi təyinatının səbəblərindən də söz açıb:

“Danışıqlarda Ramin Məmmədovun məsul şəxs kimi təyin edilməsi də çox müsbət haldır. O, qanunverici orqanın, yəni parlamentin nümayəndəsidir. Həmçinin əslən Ağdərə rayonundandır, bir müddət Şuşada təhsil alıb. Gənc və perspektivli siyasətçidir. Uzun müddət Diasporla İş üzrə Dövlət Komitəsində çalışıb. Yəni onun gücü də, savadı da danışıqları məqsədəuyğun şəkildə aparmasına imkan verir. O, proses çərçivəsində istənilən suala cavab vermək, məsələyə aydınlıq gətirmək və əlaqələri məqsədyönlü qurmaq iqtidarındadır.

Azərbaycanın hərbi gücü separatçılara qarşı antiterror əməliyyatı keçirməyə və onları təmizləməyə imkan verir. Lakin əsas məqsəd danışıqlar yolu ilə həllə nail olmaqdır. Bu səbəblə danışıqlar Azərbaycan Konstitusiyasına uyğun olaraq hərbi cinayətlərə yol verməyən nümayəndələr arasında aparılacaqdır. Düşünürəm ki, ərazi bütövlüyümüzün tam bərpası və sülhə nail olmaq üçün bu çox vacib addımdır”.

Ayşən Mustafa
Globalinfo.az