Son zamanlar Çinin Mərkəzi Asiya, Yaxın Şərq, Ukrayna və Cənubi Qafqazda siyasi-diplomatik aktivliyi artıb. Diqqətçəkən məqam isə rəsmi Pekinin ABŞ-ın yaratdığı, birbaşa və ya dolayı yolla iştirak etdiyi münaqişələrin tənzimlənməsi istiqamətində təkliflər verməsidir.
Maraqlıdır, Pekin siyasi və diplomatik təşəbbüslərini artırmaqla nəyə nail olmağa çalışır? Bu, Pekinin Vaşinqton ilə mübarizədə yeni yanaşmasıdır?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Çin üçün müttəfiqlik və ya dərin əməkdaşlıq kimi terminlər formal xarakterə malikdir:
Aqşin Kərimov
“Məsələ ondadır ki, Çin qlobal qaydaları formalaşdırmaq üçün sistemli fəaliyyətə başladıqca ona olan ümidlər də dinamikləşir. Çin bu ümidləri canlı saxlamaq üçün hətta bu zamana qədər etmədiyi, münaqişələrin, dövlətlərarası kəskinləşən münasibətlərin nizamlayıcı moderatoru olmaq fəaliyyətlərinə də baş vurur.
İranla Səudiyyə Ərəbistanını eyni masa arxasında oturtması Pekinin başqa münaqişəli regionlardakı vasitəçiliyi üçün mühüm presedentdir.
Çin yəqin ki, öz potensialını cazibə mərkəzində saxlamaq üçün başqa mübahisəli məsələlərin və ya münaqişələrin yoluna qoyulması üçün başını başqa regionlarda göstərəcək”.
Ekspert bildirib ki, Çin belə bir genişlənən nizamlayıcı plana sahibdir və gedişatlara uyğun olaraq onu müxtəlif səviyyələrdə nümayiş etdirəcək:
“Proseslər bir-biri ilə zəncirvari əlaqədə olduğu üçün Çinin ekspansiya siyasətinə yeni elementlər əlavə etməsinin Cənubi Qafqazda da əks-sədası ola bilər. Misal üçün, Zəngəzur dəhlizi layihəsi və Cənubi Qafqazdakı reallıqların tələb etdiyi nəhəng investisiya həcmləri Çinin nüfuz dairəsi üçün məqbuldur. Ancaq inandırıcı deyil ki, Çin Cənubi Qafqaz səhnəsindəki problemlərin həlli üçün sinəsini qabağa versin.
Məsələ ondadır ki, Rusiya ilə Çin yaxınlaşır, Azərbaycan və Türkiyə, onların çətiri altındakı Türk Dövlətləri Təşkilatı Çinlə əməkdaşlığı böyüdür. Beləliklə, Çin mərkəzli nizam artıq maraq doğurur və bunun ölçüləri Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər zolaqda da müşahidə olunacaq”.
Turan Rzayev
Globalinfo.az














