Ceyhun Bayramov tunisli və pakistanlı həmkarları ilə görüşdü – FOTOLAR

Ceyhun Bayramov tunisli və pakistanlı həmkarları ilə görüşdü - FOTOLAR

Martın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirakı çərçivəsində Tunis Respublikasının xarici işlər, immiqrasiya, və xaricdəki tunislilər naziri Məhəmməd Əli Əl-Nafti ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı, Azərbaycan və Tunis arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Ortaq dini və mədəni köklərlə bağlı olan ölkələrimiz arasında müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti, habelə bu istiqamətdə geniş potensialın mövcud olduğu qeyd edilib.

Bu xüsusda, Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə mexanizminin yaradılmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan ilə Tunis arasında regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın zəruriliyi diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

X X X

Martın 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirakı çərçivəsində Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub.

Ötən ay Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə baş tutan səfəri zamanı aparılmış müzakirələrə istinadən, iqtisadi, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlıq məsələləri nəzərdən keçirilib.

Azərbaycan və Pakistan XİN rəhbərləri strateji tərəfdaşlıq məsələlərini müzakirə edib