Ceyhun Bayramov üç həmkarı ilə danışdı

Ceyhun Bayramov üç həmkarı ilə danışdı

Dekabrın 26-da Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Xarici İşlər Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, nazir M.Botçorişvili 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı diləklərini çatdırıb, dost Azərbaycan xalqına səbr diləyib. Bu faciəvi gündə Gürcüstanın hər zaman Azərbaycanın yanında olduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov baş sağlığına, ölkəmiz və xalqımız üçün ağır bir gündə göstərilən dəstəyə görə dost Gürcüstan tərəfinə təşəkkür edib.

***11:57

Özbəkistan qardaş Azərbaycanla bu çətin günlərdə həmrəydir.

Azərbaycan Xarici İşlər Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, bunu Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında bildirib.

Məlumata görə, qarşı tərəf ötən gün AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhəri yaxınlığında uğradığı faciəvi qəza ilə əlaqədar Özbəkistan dövləti və xalqı adından başsağlığı verib. Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbr, yaralılara şəfa arzulayıb.

Həmçinin Özbəkistanın qardaş Azərbaycan ilə bu çətin günlərdə həmrəy olduğu, kədərini bölüşdüyü diqqətə çatdırılıb, bir daha belə bir faciənin baş verməməsinə ümidvarlıq ifadə edilib.

Ceyhun Bayramov baş sağlığına, ölkə və Azərbaycan xalqı üçün ağır bir gündə göstərilən dəsətəyə görə qardaş Özbəkistana təşəkkür edib.

Qəzanın baş verdiyi ilk dəqiqələrdən etibarən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyasının yaradıldığı, Azərbaycanın müvafiq qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin qəza yerinə ezam olunduğu bildirilib, qəzanın fəsadlarının aradan qaldırılması, xəsarət alanlara yardım göstərilməsi üçün görülən tədbirlər barədə məlumat verilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

X X X

Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Murat Nurtleu “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması xəbərini böyük kədər hissi ilə qarşıladıqlarını qeyd edib:

“Qazaxıstan naziri qəza nəticəsində həlak olanların ailələrinə, dost və qardaş Azərbaycan xalqına, dərin hüznlə başsağlığı verib. Qəzanın ilk anlarından Qazaxıstan fövqəladə hallar qurumlarının tam səfərbər olduğu və qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdikləri diqqətə çatdırılıb. Qəzanın səbəblərinin araşdırılması istiqamətində istintaq qrupu yaradıldığı və müvafiq tədbirlər görüldüyü bildirilib”.

Vurğulanıb ki, Ceyhun Bayramov Qazaxıstanlı həmkarına başsağlığı diləklərinə görə təşəkkür edib, öz növbəsində, həlak olan Qazaxıstan vətəndaşlarının ailələrinə, dost və qardaş Qazaxıstana başsağlığı verib. Göstərilən dəstəyə görə minnətdarlıq bildirilib.