“Bunlar Putinlə Paşinyanın oyunudur” – Gərginlik iddialarına cavab gəldi

“Bunlar Putinlə Paşinyanın oyunudur” – Gərginlik iddialarına cavab gəldi

Son zamanlarda Rusiya və Ermənistan arasında müşahidə olunan gərginliklə bağlı yeni iddialar ortaya atılıb. İrəvan nümayəndələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Müstəqil Dövlətlər Birliyinin (MBD) görüşlərində iştirak etməməsi, Nikol Paşinyanın Kremlin dəvətinə rəğmən Rusiyaya səfərdən yayınması bu gərginliyin təzahürü kimi qeyd edilir.

Lakin bəzi ekspertlər bunun Putin-Paşinyan oyunu olduğunu, əslində iki ölkənin yaxın əlaqələrini gizlətmək üçün bir pərdə kimi formalaşdırıldığını iddia edirlər. KTMT-nin son iclasında Ermənistan və Paşinyanla bağlı edilən çıxışlardan sonra Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Paşinyanın MDB və Aİ görüşlərində iştirak etmək üçün Sankt-Peterburqa gedəcəyini dedi.

Bəs bu iddiaları nə dərəcədə həqiqətə uyğun hesab etmək mümkündür? Paşinyanın hərəkətləri deyildiyi kimi diplomatik demarş, Rusiya platformalarından çəkilmə anonsudur, yoxsa bir oyun?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Amid Əliyev Moskva-İrəvan arasındakı son proseslərə diqqət çəkib:

“Əsasən son 1 ildə Ermənistan və Rusiya arasındakı diplomatik münasibətlərdə ziddiyyətlər pik həddə çatıb. İrəvanın Roma statusunu ratifikasiya etməsi birbaşa Rusiya Prezidenti Vladimir Putinin ünvanına hörmətsizlik, siyasi demarş kimi qiymətləndirilir. Bu sənəd Rusiya prezidenti Ermənistana səfər edəcəyi təqdirdə onun həbsi və beynəlxalq məhkəməyə təqdim edilməsini nəzərdə tutur. Bu, əslində Ermənistan və ona havadarlıq edən ölkələrin Rusiyaya demarşı, diplomatik oyunu kimi qiymətləndirilməlidir. Çünki biz çox gözəl bilirik ki, İrəvan hakimiyyəti tək, özbaşına şəkildə bu qərarı verə, oyunlarda iştirak edə bilməz. Ermənistana xüsusilə ABŞ, Fransa və digər Avropa dövlətləri həm açıq, həm də sətiraltı şəkildə dəstək verirlər. İrəvanı Moskvanın siyasi orbitindən çıxarmaq və bununla da Qafqazda Rusiyanın mövcudluğuna son qoymaq istəyirlər”.

Politoloq Rusiyanın hələ də Ermənistana təsir imkanının olduğunu bildirib:

“Nəzərə almaq lazımdır ki, Ermənistanda Rusiyanın hərbi bazası var. Bu ölkənin iqtisadiyyatının 70 faizi də onun əlindədir. Ermənistan dəmir yolları və digər nəqliyyat vasitələri Rusiyanın inhisarındadır. Bu gün İrəvanda daxili siyasi proseslərə təsir edə biləcək, Rusiyadan asılı olan, onun direktivləri əsasında fəaliyyət göstərən güclü bir müxalifət formalaşıb. Son günlər görürük ki, Qarabağdan Ermənistana köçənlər və keçmiş qondarma rejimin “qurumları” yenidən burada baş qaldırırlar. Ölkədə gedən siyasi proseslərə müdaxilə etmək fikrindədirlər. Bütün bunlar Rusiyanın Ermənistanda gedən siyasi proseslərə təsir etmək imkanlarını tam şəkildə itirmədiyini göstərir”.

“Bunlar Putinlə Paşinyanın oyunudur” – Gərginlik iddialarına cavab gəldi
Amid Əliyev

Müsahibimiz Putin-Paşinyan oyunu iddialarını dəyərləndirərək, Ermənistanı gözləyən gələcəyə diqqət çəkib:

“İrəvan ilk növbədə tam aktiv şəkildə Rusiya və onun müttəfiqlərinin cəmləşdiyi hərbi bloklardan ayrılmaq siyasətini qarşısına məqsəd qoyub. Məsələn, artıq KTMT-nin bir neçə iclasında Nikol Paşinyan və digər Ermənistan rəsmiləri iştirakdan imtina ediblər. Bu isə Ermənistanın Rusiyadan ayrılma prosesinə artıq başladığını göstərir. Prosesin arxasında isə ABŞ, Fransa, Avropa İttifaqı, Avropa Şurası kimi güclər dayanır. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanla Rusiya arasındakı mövcud proseslər oyun deyil, sırf Qərbin diqtəsi ilə həyata keçirilən siyasi iradədir. Lakin bu məsələnin Ermənistan hakimiyyəti və cəmiyyəti üçün ağır nəticələri ola bilər. Çünki Rusiya hər hansı Qərb dövlətinin proseslərə müdaxilə etməsinə icazə verməyəcək. Biz bunu Moldovanın, Gürcüstanın, eləcə də hazırda Ukraynada gedən proseslərin timsalında görə bilərik”.

Politoloq Ermənistanın yaxın siyasi keçmişinə diqqət çəkərək Rusiyanın ehtimal həmlələrindən söz açıb:

“Hesab edirəm ki, Rusiyanın Qərbin, Fransanın, ABŞ-ın, yaxud da hər hansısa siyasi-iqtisadi institutların Ermənistan üzərində regiona müdaxilə edib güclənməsi, özünün bölgədən sııxşdırılmağa çalışılmasına göz yummayacaq. Ermənistanda gedən siyasi proseslər son anda Rusiya tərəfindən idarə olunmaqla hər hansı rəngli inqilabların, dövlət çevrilişlərinin olması, hakimiyyətin dəyişdirilməsi üçün planlar hazırlana bilər. Məsələn, 1999-cu ildə Ermənistan parlamentində olan atışmanı, 2018-ci ildə elə Nikol Paşinyanın hakimiyyətə gətirilməsini xatırlamaq kifayətdir. Paşinyan bunları çox gözəl bilir. O, Qərbdən öz həyatı və siyasi hakimiyyəti üçün qarantiya alıb, ona görə Rusiyaya qarşı ciddi demarşlar edir. Qərbin dəstəyi baş naziri ruhlandırır. Həmçinin son günlərdə Almaniyanın Ermənistanın xarici xüsusi xidmət orqanlarının yenidən qurulduğunu görünür”.

“Bütün bunlar sübut edir ki, bu bir oyun deyil, öncədən planlaşdırılmış, sırf Rusiyaya təsir göstərmək və nəticədə Ermənistanı onun caynağından qurtarmaq üçün düşünülən siyasətdir. Düşünürəm ki, oyunlar bu şəkildə davam edəcəyi təqdirdə, nəticə Ermənistan üçün ağır olacaq”, – politoloq bildirib.

Ayşən Mustafa
Globalinfo.az