“Bu, Üçüncü Ermənistan Respublikasına son qoyacaq” – Naira Zöhrabyan

“Ermənistanın Avropa İttifaqı üzvlüyü barədə referendum ən təhlükəli və ən dağıdıcı tələdir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan deyib.

Onun sözlərinə görə, AB Ermənistanı öz tərkibinə qəbul etmək niyyətində deyil və bu referendum da heç nəyi dəyişməyəcək. O, Ermənistanın referendum keçirməklə bu gün əlində olacaqlarını itirəcəyini bildirib:

“Gürcüstan bu yolu keçib. Çox yaxşı olsaydı, Gürcüstan niyə Qərblə əlaqələrini kəsib, Rusiya ilə əməkdaşlığı seçib?!”.
O deyib ki, AB-yə üzvlük referendumundan Ermənistan hökuməti yeni konstitusiyanın təbliğatı üçün istifadə edəcək. Zöhrabyan yeni konstitusiyanın qəbul halında müstəqillik haqqında bəyanata burada heç bir istinadın olmayacağını bildirib:
“Bu, Üçüncü Ermənistan Respublikasına son qoyacaq, çünki onun əsasında müstəqillik haqqında bəyanat dayanır”.
Qeyd edək ki, Ermənistanın müstəqillik haqqında bəyanatı Azərbaycan və Türkiyəyə ərazi iddialarını özündə ehtiva edir. Bu gün XİN rəhbəri Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsinin mətnində əhəmiyyətli irəliləyiş etdiklərini desə də yekun nəticənin əldə olunmasına hələ də Ermənistan konstitusiyasının istinad etdiyi bu bəyanatın mane olduğunu bildirib.
Bu gün Ermənistan spikeri Alen Simonyan da Ermənistanın AB üzvlüyü barədə yaxın zamanlarda referendum keçirməli olduğunu açıqlayıb.