Son vaxtlar bəzi vətəndaşlar işə qəbul zamanı yaş faktorunun ciddi problemə çevrildiyini bildirirlər. Qeyd olunur ki, xüsusilə 35 və daha artıq yaşı olanlar bu vəziyyətdən əziyyət çəkirlər.
Yaşa görə bu cür ümumi və əsaslandırılmamış imtinaya hüquqi qiymət verilə bilərmi? Belə hallarda işəgötürənlər hər hansı məsuliyyət daşıyırmı?
Globalinfo.az-a danışan vəkil Elçin Sadıqov bildirib ki, qüvvədə olan normativ hüquqi aktlarda işə qəbul üçün maksimum yaş həddi müəyyən edilməyibsə və şəxs pensiya yaşına çatmayıbsa, həmin şəxsin yalnız yaşına görə işə qəbul edilməməsi qanunsuz hesab olunur:
Elçin Sadıqov
“Belə imtina ilə qarşılaşan şəxslər müvafiq dövlət qurumlarına və məhkəməyə müraciət edə bilərlər. Yaşa görə ayrı-seçkilik bəzi hallarda hüquqi tərkibdən asılı olaraq inzibati məsuliyyət yarada, hətta müəyyən hallarda cinayət tərkibli hərəkət kimi də qiymətləndirilə bilər.
İşə qəbuldan qanunsuz şəkildə imtina, xüsusilə də vəzifə səlahiyyətlərindən sui-istifadə ilə müşayiət olunursa, bu hallar cinayət xarakteri daşıya bilər”
Zaira Akifqızı
Globalinfo.az














