Mark Zukerberq, İlon Mask və Cef Bezos on ildən sonra trilyonçu statusunda olacaqlar.
Globalinfo.az xəbər verir ki, bu barədə “Oxfam”ın yeni araşdırmasında qeyd olunur.
Araşdırmaya görə, növbəti on il ərzində beş nəfər trilyonçu olacaq.
Təşkilat əvvəllər on il ərzində yalnız bir nəfərin bu həddə çatacağını söyləsə də, yenilənmiş bərabərsizlik hesabatında rəqəmlər artıb.
Oxfam Forbes-in məlumatlarına istinadən bildirir ki, 2024-cü ildə milyarderlərin sərvəti 2023-cü illə müqayisədə üç dəfə artıb.
Siyahının başında dünyanın ən varlı adamı olan, ehtimal ki, trilyonçu statusuna birinci çatacaq İlon Mask gəlir.
“Tesla”nın baş direktoru prezident Donald Trampla isti münasibəti sayəsində sərvətini artırıb. Maskın sərvəti təkcə son bir ildə 105%-dən çox artaraq 219 milyard dollardan 449 milyard dollara yüksəlib.
“Amazon”un qurucusu Cef Bezos da trilyonçu statusuna iddialıdır.
Bir çox super zənginlər kimi Bezosun da sərvətindəki yüksəliş təkcə texnologiyadan deyil, həm də süni intellektdən qaynaqlanır. Bezosun xalis sərvəti son bir ildə 35%-dən çox artaraq 181 milyard dollardan 245 milyard dollara yüksəlib.
“Meta”nın qurucusu və baş direktoru Mark Zukerberq də trilyonçu statusuna namizədlər sırasındadır. Belə ki, Meta səhmləri ötən il ərzində 60%-dən çox artıb. Şirkətin ən böyük səhmdarı olan Zukerberq sərvətini müvafiq olaraq bir il əvvəl 138 milyard dollardan 217 milyard dollara qədər artırıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














