Qarabağ işğaldan azad edildikdən sonra düşünülürdü ki, insanlar doğma yurduna qayıdacaq və beləliklə paytaxtda əhali sayı azalacaq. Baxmayaraq ki, bu günə qədər minlərlə insan Qarabağa qayıdıb, sıxlıq yenə də davam edir. Hətta metro və avtobuslarda, şəhərdə əhali sayının daha da artdığının şahidi oluruq.
Bəs müşahidə edilən əhali sayının artımı nə ilə bağlıdır?
Globalinfo.az-a danışan deputat Razi Nurullayev əhalinin paytaxtda konkret hansı səbəbdən artdığını bilmədiyini qeyd edib.
Razi Nurullayev
O, Bakıda əhalinin bu dərəcədə artmasına təəccüb etdiyini bildirib:
“Düşünürdüm ki, şəhərdə maşınlar çoxalıb deyə, tıxaclar da artıb. Yəni paytaxt sakinləri yeni avtomobillər gətirir və s. Məsələn, ailədə hər kəs maşın alır, hamı şəhərə çıxır, nəticədə yollar iflic olur. Bir sözlə, tıxacı insanların deyil, avtomobillərin artması ilə əlaqələndirirdim. Həm də fikirləşirdim ki, Qarabağ işğaldan azad edildi və ora minlərlə insan qayıdır, işçi heyəti gedir. İlin sonuna qədər 30 minə yaxın şəxsin paytaxtı tərk edəcəyi bildirilir. Açığı, Bakıda insanların sayının azalmasını gözləyirdim”.
Deputat deyib ki, Bakıda əhalinin sayı azalmaqdan, daha da artır:
“Paytaxtda insanların sayı niyə artır? Bununla bağlı cavabım yoxdur və özümü də düşündürən məsələdir. Metro və avtobuslarda da sıxlıq yaşanır. Desək ki, insanların kənd, şəhər, rayon yerlərində işləri azalıb, ona görə hamı şəhərə işləməyə gəlir, yox. Çünki regionlarda işsizlik problemi həmişə aktual olub. Son bir ildə insanların sayı necə çoxaldı, bilmirəm. Fikrimcə, xüsusi bir araşdırmaya ehtiyac var”.
Zaira Akifqızı