Faktiki hava: leysan, dolu, sel…

İyunun 26-sı saat 22:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Böyük Qafqazın ərazisindən axan Qudiyalçayda suyun səviyyəsi 10, Vəlvələçayda 7, Kiçik Qafqazın ərazisindən axan Şəmkirçayda 7, Lənkəran-Astara bölgəsi ərazisindən axan Lənkərançayda 47, Viləşçayda 33, Təngərüdçayda isə 2 sm artıb.

Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Globalinfo.az-a bildirib ki, hazırda Oğuz rayonu ərazisindən axan Əyriçaydan, İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan və Qobustan rayonu ərazisindən axan Pirsaatçaydan sel keçir.

***

Milli Hidrometeorologiya Xidmətinin iyunun 26-sı saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Globalinfo.az xəbər verir ki, hazırda Maştağa, Balakən, Zaqatala, Gəncə, Gədəbəy, Daşkəsən, İmişli, Tovuz, Beyləqan, Ağcabədi, Yevlax, Ağstafa, Göygöl, Şəmkir, Ağdam, Ağsu , Tərtər, Astara, Lerik, Lənkəran, Yardımlı, Mingəçevir, Şəki, Kürdəmir, Sabirabad, Zərdab, Goranboy, Naftalan, Xınalıq, Xaçmaz, Quba, Qusar, Xaltan, Cəfərxan, Cəlilabad, Şabran, Ordubad, Ceyrançöl, Oğuzda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Goranboy, Naftalan, Gəncə, Daşkəsən, Mingəçevir, Tərtərdə 24-30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Yevlax , Bərdə, Sədərək, Şəmkirdə 20 m/s təşkil edir.

Gədəbəy rayonunun Düzyurd kəndinə saat 13:00 radələrində diametri 14-16 mm olan dolu düşüb.