Bu azərbaycanlı İran prezidenti seçilə bilər

Bu azərbaycanlı İran prezidenti seçilə bilər

Əslən azərbaycanlı olan Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkian növbədənkənar prezident seçkiləri üçün namizəd kimi qeydiyyatdan keçib.

Ümumiyyətlə sürpriz nazmizədlərin sayında artım müşahidə edilir. Bəs azərbaycanlının Məsud Pezeşkianın prezident seçilmək şansı varmı?

Mövzunu Globalinfo.az-a şərh edən Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, hazırda Məsud Pezeşkian və digər namizədlərdən kimin prezident seçilib-seçilməyəcəyi ilə bağlı fikir söyləmək çətindir.

O bildirib ki, dəqiq fikri yalnız Ali Məşvərət Şurasında namizədlərdən kimin qeydiyyata alınmasından sonra demək mümkün olacaq:

“Təqribən 80-ə yaxın namizəd qeydə alınıb. Əslində bu, namizədlərin ilkin formada qeydə alınmasını ifadə edir. Dəfələrlə olub ki, qeydə alınan namizədlər şura tərəfindən qəbul edilməyib. Bu mənada konkret kimin yaxşı nəticə əldə edəcəyi, qalib seçiləcəyi yalnız proses tamamlandıqdan sonra məlum olacaq. Pezeşkianın namizədliyinin şura tərəfindən qəbul edilməsi mümkündürmü? Düzü, ehtimal azdır. Ola bilər, Ali Şura onun namizədliyini qəbul etməsin. Qeyd edim ki, M.Pezeşkian Təbrizdən olan millət vəkilidir, aktivdir, tez-tez iqtisadi problemlərlə, Urmu gölü ilə bağlı maraqlı çıxışlar da edir”.

V.Zifəroğlu deyib ki, burada maraqlı məqam isə namizədlər arasında Pezeşkiandan başqa da azərbaycanlının olmasıdır:

“İkinci şəxs isə din xadimi Seyyid Məhəmmədrza Mir Tacəddinidir. Adam kifayət qədər nüfuzlu din xadimidir və 3 dövr Təbrizdə İran parlamentinin millət vəkili olub. Onu da deyim ki, 80 nəfərin hamısı deyil, hələ ki, təqribən 17 namizəd qeydə alınıb. Bunlar qeydə alındıqdan bir neçə gün sonra Keşikçilər Şurasında onların qeydiyyat məsələsinə baxılacaq. Artıq o zaman proseslər başlayacaq. İyun ayının 12-nə qədər qeydiyyatdan keçmiş namizədlərin namizədliyinə baxılacaq”.

Zaira Akifqızı
Globalinfo.az