“Bidzina İvanişvilinin 2008-ci il müharibəsinə görə osetinlərdən Gürcüstanın üzr istəyəcəyini deməsi biabırçılıqdır”.
Globalinfo.az xəbər verir ki, bu bəyanatla Gürcüstanın ana müxalifəti sayılan Vahid Milli Hərəkat Partiyası çıxış edib.
“Bununla Gürcü Arzusu yalnız Rusiyanın maraqlarına xidmət edir, Gürcüstanın milli maraqlarına ziyan vuraraq, işğal olunmuş ərazilərin tanınmaması siyasətini məhv edir”, – deyə o bildirib.
Saakaşvilinin partiyası İvanişvilidən dediklərinə görə üzr istəməyi tələb edib:
“O və Gürcü Arzusu bu xain bəyanata görə gürcü xalqından üzr istəməlidirlər. Onlar həmçinin son 12 ildə insanların yoxsullaşması, ölkənin boşalması, artımın tarixi minimumda olması və Gürcüstanın beynəlxalq təcridə düşməsinə görə üzr istəməlidirlər”.
Qeyd edək ki, dünən Gürcüstanın “boz kardinalı” sayılan Bidzina İvanişvili mitinqdə çıxış edərək, seçkidə qalib gələcəkləri halda 2008-ci müharibəsini dəqiqliklə araşdıracaqlarını və osetinlərdən üzr istəyəcəklərini bildirib. O həmçinin Vahid Milli Hərəkat Partiyası və Saakaşvilinin bu müharibəyə görə cavab verəcəyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az