Borrell İsrailə irad bildirdi: “Yalnız hərbi yolla…”

Borrell İsrailə irad bildirdi: "Yalnız hərbi yolla..."

“Sülh və sabitliyi yalnız hərbi yolla, hərbi vasitələrdən istifadə etməklə təmin etmək olmaz”.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ XİN rəhbərlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

Borrell bildirib ki, o, İsrail Baş naziri Netanyahunun “iki dövlətli” həll yolundan imtina etməsindən xəbərdardır.

“Bilirəm ki, onların fərqli mövqeləri var. Birləşmiş Millətlər Təşkilatının Baş katibi də bunu bilir və o, dünən bu məsələyə çox konkret cavab verdi və dedi ki, “mən bu həlli istəmirəm” demək qəbuledilməzdir, çünki bu, BMT tərəfindən təsdiqlənmiş bir həll yoludur. Birləşmiş Millətlər Təşkilatı və bütün beynəlxalq ictimaiyyət bunun arxasındadır. Deməli, razılaşmırlarsa, biz müzakirə etməliyik. Ona görə də biz buradayıq. Razı olmasalar da, müzakirə etməliyik. Onlar bura gəlməlidirlər və onların fikrində nə həll yolu varsa, biz də öyrənəcəyik. Onların fikrində olan digər həllər hansılardır? Bütün fələstinliləri tərk etməyə məcbur etmək? Onları öldürmək? Artıq Qəzzada 25000-dən artıq adam öldürülüb və onların 70%-i qadın və uşaqlardır”, – Borrell vurğulayıb.

Aİ-nin Ali Nümayəndəsi əlavə edib ki, İsrailin HƏMAS-ı məhv etmək üçün seçdiyi yol doğru deyil: “Şübhəsiz ki, HƏMAS-ı məhv etməyə çalışmağın yolu onların etdikləri kimi deyil, çünki onlar nəsillər boyu nifrət toxumu səpirlər. Biz HƏMAS-ın nə olduğunu, HƏMAS-ın etdiklərini xatırlayır, şübhəsiz ki, rədd edirik və şiddətlə pisləyirik. Ancaq sülh və sabitliyi yalnız hərbi yolla, hərbi vasitələrdən istifadə etməklə təmin etmək olmaz. Mən bunu HƏMAS-ın terror hücumlarının qurbanlarına tam hörmətlə deyirəm”.