“Bəzi məmurlardan narazılıq var, hətta konkret nazirlərin fəaliyyətindən də…” – YAP-çı deputat Elman Nəsirov

Globalinfo.az Milli Məclisin deputatı Elman Nəsirov ilə müsahibənin II hissəsini təqdim edir.

Əvvəlki hissə burada: “Türkiyədə baş verən ardıcıl zəlzələ, Bakıda nəzarətsiz tikilən binalar…”  – deputat Elman Nəsirov

– 44 günlük Vətən müharibəsindən sonra bir əminlik var idi ki, Azərbaycan artıq rahata çıxıb. Əzici qələbəmizlə başa çatan müharibən sonra düşünürdük ki, Ermənistan sülh müqaviləsini tezliklə imzalayar. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanat da bu istiqamətdə ümidləri artırırdı. Lakin Ermənistan və onun havadarları faktiki olaraq Azərbaycana ciddi şəkildə maneçilik törədir. İki ölkə arasında sülh müqaviləsinin imzalanmasını istəməyən qüvvələrin olduğu açıq görünür Rəsmi Bakı indiki məqamda hansı addımları atmalıdır?

– Biz tarixi zəfərə imza atmışıq. Torpaqlarımız işğaldan azad edilib. Düzdür, Ermənistanla Azərbaycan arasında müəyyən problemlər qalsa da ümidlərimiz pozitiv idi. Ermənistanın dərs aldığını, buna görə də regionda sabitliyin, sülhün bərqərar olacağını düşünürdük. Bu həm də Ermənistanın blokadadan çıxması, inkişaf etməsi demək idi. Amma təəssüf ki, bu proqnozlar özünü doğrultmadı.

Ermənistanda bu gün revanşizm çox güclüdür və təəssüf ki, revanşizm təkcə müxalifətin simasında deyil, eyni zamanda hakimiyyətin timsalında təzahür edir. Əlbəttə ki, Ermənistanda revanşizmin günbəgün artması təsadüfi deyil. Bu prosesdə xarici güclərin birbaşa əli var. Məsələ ondadır ki, bu gün Ermənistana çox ciddi beynəlxalq dəstək var. Xüsusilə Fransanın timsalında biz bunu daha qabarıq şəkildə görürük.

– Fransanın mövqeyi olduqca təzadlıdır. Rəsmi Paris həm Ermənistan ilə Azərbaycan arasında sülhün əldə edilməsi istiqamətində vasitəçilik missiyasını təqdim edir, digər tərəfdən Ermənistanda revanşizmi gücləndirir…

–  Düzdür. Təsəvvür edin ki, Fransa bu münaqişənin həlli missiyasını üzərinə götürmüş dövlətlərdən biridir. Eyni zamanda isə bu ölkənin hər iki parlamenti anti-Azərbaycan qətnamə qəbul edib.

Fransa prezidenti Emmanuel Makron isə ötən ilin oktyabr ayında Praqada sülhün əldə edilməsinə hesablanan sənədə imza atır, lakin Fransanın dövlət televiziya kanalında Azərbaycanı işğalçı kimi ittiham edir.  Təsadüfi deyil ki, bunun ardınca da məlum Brüssel görüşü alınmadı. Bütün bunlar azmış kimi İran Ermənistanın ərazi bütövlüyünü özünün qırmızı xətti elan edir. Rəsmi Tehran bununla da yetinməyərək bütün terror resurslarını Azərbaycana qarşı istifadə etməyə başlayıb. Maraqlıdır ki, ABŞ, Avropa, Rusiya və İran Ermənistan-Azərbaycan münaqişəsi kontekstində eyni mövqedən çıxış edir. Bu çox paradoksal situasiyadır. Belə ki, Ermənistanın yaxın dostu, siyasi müdafiəçisi ABŞ-dır. Rəsmi İrəvanın qardaşı isə İrandır. İranla ABŞ isə faktiki olaraq düşməndir. Bundan başqa Rusiya da Ermənistanı müdafiə edən ölkədir və rəsmi Moskva Vaşinqtonla rəqibdir.

Göründüyü kimi dünyamız heç bir zaman indiki qədər təhlükəli, ədalətsiz olmayıb.

– Elman müəllim, istərdim həm də daxili siyasətdən bəhs edəsiniz. Prezident İlham Əliyev vaxtaşırı məmurlardan narazılığını söyləyir. Xalq da məmur korpusundan razı deyil. Xalq prezidenti dəstəkləsə də əksər məmurlara görə hökumətin fəaliyyətindən o qədər də məmnun qalmır. Prosesi siz necə qiymətləndirirsiniz?

– Biz bir qədər öncə ölkəmizin xarici siyasətindən danışdıq. Xarici siyasət, dövlətin beynəlxalq aləmdə milli maraqlarının müdafiəsi baxımından çox vacibdir. Daxili siyasət isə xarici siyasəti tamamlayan başlıca komponentdir. Yəni bu həm də hər iki siyasətin bir-birindən asılı olduğunu göstərir.

Bu gün Azərbaycanın xarici siyasəti uğurludursa, bu birbaşa daxili siyasət ilə bağlıdır. Bununla belə, dediyiniz bəzi məsələlər ilə mən də razıyam. Bəzi məmurların fəaliyyətində narazılıq var. Hətta konkret nazirlərin fəaliyyətindən də narazılıq var. Belə məmurlara qarşı Prezident İlham Əliyevin mövqeyi çox prinsipialdır. Özünüz də görürsünüz ki, cənab prezident bu və digər yüksək vəzifəyə kadrları təyin edərkən onlarla birbaşa özü görüşür və bu görüş həm də ictimaiyyətə təqdim edilir. Prezident təyin etdiyi məmurlara açıq şəkildə tapşırıq verir ki, get, xalqa xidmət elə.

Mən də belə hesab edirəm ki, bu gün hansısa məmur həbs edilirsə, bu onun öz günahıdır və belə şəxslər birbaşa nəfslərinin qurbanı olurlar.

– Köhnə məmurlar bir yana, yeni təyin edilən məmurların da içində elələri var, etimadı doğrultmur və qısa müddət sonra vəzifədən uzaqlaşdırılırlar…

– Azərbaycan xalqı və prezidenti arasında monolit birlik var. Xalq prezidentini ona görə müdafiə edir ki, o, Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçir. Sizi inandırım, bu gün ölkəmiz üçün çox ciddi kampaniyalar hazırlanır. Hər vəchlə ölkəmizi provokasiyalara çəkmək istəyənlər var. Ancaq bütün bunlara baxmayaraq cənab prezident ölkəmiz əleyhinə təşkil edilən kampaniyalara getmir.

Mən ümumilikdə Azərbaycan xalqının hökumətdən narazı olduğu fikri ilə razı deyiləm. Çünki hökumətin tərkibində ayrı-ayrı nazirlər, məmurlar, onların müavinləri də var. Kənardan tənqid etmək çox asandır.

Bir neçə məmura görə nə hökuməti, nə də deputatları bütövlükdə tənqid etmək doğru deyil. Misal üçün, bu gün “reket” dediyimiz jurnalistlər də var. Bu bütün jurnalistləri tənqid etməyə əsas verirmi?

Bu gün ayrı-ayrı deputatlardan kimsə narazı qala bilir, mən də eşidirəm. Bəziləri haqqında söyləyirlər ki, niyə danışmırlar. Amma bu gün sizə tam səmimiyyətlə deyirəm ki, üzdə olan deputatlar da var və onlar seçiciləri ilə müntəzəm görüşür, xalqın arasında tez-tez olur. Belə deputatlar daha əlçatandırlar. Ayda bir-iki dəfə saciçilərlə görüşən, saciçilərini qəbul edən deputatlar da var. Bu gün deputatlarımız həm də ideoloji sahədə fəaliyyət göstərir, beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edirlər.

Elman Nəsirov Globalinfo.az kollektivi ilə

– Deputatların müsbət fəaliyyətindən bəhs etdiniz, ancaq Milli Məclisin digər bir deputatı Erkin Qədirlinin bu yaxınlarda az qala bütün parlament deputatlarının legitimliyini şübhə altına atan açıqlaması oldu. Ümumiyyətlə Erkin Qədirlinin bu açıqlamasından sonra onunla danışdınızmı, görüşdünüzmü?

– Erkin Qədirlinin məlum açıqlamasından mən də narazıyam. Hətta bu haqda mətbuatla bir neçə dəfə fikirlərimi bölüşdüm. Erkin bəy əgər əmindirsə parlamentdəki deputatlar demokratik yolla seçilməyib, ilk növbədə özü istefa verməli idi. Bundan sonra o belə bir addım atsa belə mənası olmayacaq. Çünki artıq gecdir.

Azər Ayxan, Turan Rzayev

Globalinfo.az