Qarabağa daha kimlər köçürüləcək? – Maraqlı proses

Ermənilərin sürətlə Qarabağı tərk etməsi fonunda son günlər sosial şəbəkələrin Azərbaycan seqmentində iddia yayılıb ki, Qarabağa böyük qayıdış çərçivəsində təkcə məcburi köçkünlər deyil, həm də Qərbi azərbaycanlılar geri qayıdacaq. Nəzərə alsaq ki, bir müddətdir Qərbi azərbaycanlıların regionlarda və paytaxtda siyahıya alınması prosesi baş verir, bu iddia diqqət çəkir.

Maraqlıdır, bu, nə dərəcədə doğrudur? Qərbi azərbaycanlılar da Qarabağa köçürüləcək?

Mövzunu Globalinfo.az-a şərh edən deputat Hikmət Babaoğlu deyib ki, Qarabağ kimi Qərbi Azərbaycan da xalqımızın əzəli, tarixi vətəni, torpağıdır:

Hikmət Babaoğlu

“Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması üçün xüsusi konsepsiya yaradılıb. Hansı ki, bu konsepsiyada həm qayıdış, həm də onların hüquqları öz əksini tapıb. Qərbi azərbaycanlıların siyahıya alınması faktiki olaraq onların tarixi torpaqlarına qayıtması ilə bağlıdır. Hətta bu məsələ bu gün Azərbaycan-Ermənistan sülh danışıqlarının əsas predmetlərindən biridir”.

H.Babaoğlu deyib ki, Qərbi azərbaycanlıların siyahıya alınması tarixi vətənə qayıtma ilə bağlıdır:

“Bu gün Ermənistan-Azərbaycan sülh danışıqlarının bir predmeti də məhz budur. 6-cı Brüssel görüşündə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qərbi azərbaycanlılar məsələsini dilə gətirdi. Bu mənada demək olar ki, Azərbaycan Qərbi azərbaycanlılar ilə bağlı məsələdə israrlıdır və geri addım atmaq niyyətində deyil”.

Turan Rzayev
Globalinfo.az